1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Dil hər bir xalqın qədimliyini və varlığını göstərən əsas xüsusiyyətlərdən  biridir. Özünün ifadə imkanlarına görə dünyada ən qədim dillərdən hesab olununan ana dilimiz, Türk dilləri ailəsinin oğuz dil qrupuna aiddir.  Azərbaycan dili bu gün 50 milyondan artıq insanın doğma dili olmaqla uzun əsrlər boyunca müxtəlif imperiya və dövlətlərdə əsas ünsiyyət vasitəsi olmuş, ədəbi və siyasi proseslərdə hakim mövqeyə yiyələnmişdir.

 Dil hər bir millətin milliliyinin sübutu olmaqla, həm də onun əsas kimliyi hesab olunur. Azərbaycanda son bir əsr ərzində dilin yaşadılması və qorunması prosesi xüsusi olaraq diqqəti cəlb edir. Sovet İttifaqının yarandığı və formalaşdığı ilkin mərhələdə dil məsələsini önə çəkən insanlar millətçi damğası vurularaq sürgün edilir və ya digər repressiv addımlara məruz qalırdılar. SSRİ Konstitusiyasının qəbulu ilə milli dillərin sıxışdırılması prosesi daha da güclənmiş və xalqların doğma dillərinin qorunmasına süni maneələr yaradılmışdı. Azərbaycanda bu dövrdə hakimiyyətdə olan Ümummilli Lider Heydər Əliyev yaradılan əngəlləri cəsarətlə aşaraq ana dili məsələsində öz mövqeyini çox qətiyyətlə qorumağa nail olmuşdu. Ulu Öndər dil məsələsinin strateji məsələ olduğunu dərk edərək ziyalıları və xalqın əsas nümayəndələrini bu işə səfərbər etmişdi.

Məhz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan dilinə dövlət dili statusu verilmiş və “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” İfadəsi 1978-ci ilin konstitusiya layihəsində öz əksini tapmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin Azərbaycan dili adlandırılması bir daha dəstəklənmiş, bu məqam Konstitusiyanın 21-ci maddəsində isə öz əksini tapmışdır. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman da öz mahiyyəti etibarilə dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində atılan əsas addımlardan biri idi. Qeyd edək ki, bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

 “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərman ilə  il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayan əsas qanunverici aktlardan hesab olunur.

          Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasi xətti Prezident İlham Əliyev tərəfindən də inamla davam etdirilir. Azərbaycan dilinin qorunması və inkişafında dövlət başçısının rolu inkarolunmazdır. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncam, eləcə də 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar Azərbaycan dilinin həyatımızın bütün sahələrində inkişafına zəmin yaratmışdır.

         “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulu, həmçinin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncam  bu qəbildən xüsusi vurğulanmalıdır.  2018-ci il noyabrın 1-də imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin inkişafına yönələn əhəmiyyətli addımlardan hesab olunur.

        Bu gün Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik dövlət siyasəti nəticəsində Azərbaycan dili həm də qalib və müzəffər bir xalqın dili kimi tanınır və hörmət edilir. Artıq ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş dövlətimizin hər qarış torpağında bu dilin sahibləri əsas söz sahibidir. Əminliklə qeyd etmək olar ki, regionun lider dövləti hesab olunan Azərbaycan bundan sonra da öz daxilində hər hansı seperatçı mövqeyə malik özgə dilin daşıyıcılarına göz açmağa imkan verməyəcək, xalqımızın vahidliyi və bütövlüyü əbədi olaraq bərqarar ediləcəkdir.