15 İyun – Azərbaycan dövlətçiliyinin xilası və yeni dövrün başlanğıcı

Azərbaycanın müasir dövr tarixi 20-ci əsrin sonlarına təsadüf edən mürəkkəb və sınaqlarla dolu mərhələ ilə səciyyələnir. Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqı uzun illər boyu yığılmış milli müstəqillik arzusuna qovuşdu. Lakin müstəqilliyin ilk illəri ölkəmiz üçün ağır sınaqlar və böhranlarla müşayiət olundu. Sovet imperiyasının dağılması sonrası yaranan siyasi boşluq, iqtisadi böhranlar, daxili parçalanma və etnik ziddiyyətlər milli təhlükəsizliyi təhdid etdi. 1990-cı illərin əvvəllərində ölkədə baş verən siyasi xaos və qarışıqlıq, Dağlıq Qarabağ münaqişəsinin alovlanması ilə müşahidə olundu. Bu proseslər ölkənin dövlətçilik institutlarının zəifləməsinə, ərazi bütövlüyünün təhdid altına düşməsinə və iqtisadiyyatın dağılmasına səbəb oldu.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan dövlətinin qarşısında ən böyük vəzifələrdən biri daxili sabitliyin təminatı idi. Lakin bu, çox asan olmadı. Daxili siyasi mübarizə və ayrı-ayrı qüvvələrin hakimiyyət uğrunda mübarizəsi nəticəsində ölkədə siyasi böhran dərinləşdi. Həmçinin, erməni separatçılarının Dağlıq Qarabağda yaratdığı qanlı münaqişə ölkənin ərazi bütövlüyünə ciddi təhlükə yaratdı. Bu dövrdə Ermənistanın dəstəklədiyi separatçı qüvvələr Azərbaycanın işğal olunmuş torpaqlarında genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirdi. Nəticədə çoxsaylı insan itkiləri və məcburi köçkünlər probleminin yaranması ölkənin sosial-iqtisadi durumunu ağırlaşdırdı. Ölkədə iqtisadiyyatın çökməsi, enerji resurslarının düzgün idarə edilməməsi, qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi, korrupsiya və qanunsuzluqlar dövlətin idarə edilməsində ciddi boşluqlar yaratdı. Bu vəziyyət Azərbaycanın suverenliyini, milli təhlükəsizliyini və dövlətçilik əsaslarını iflic etdi. Azərbaycan xalqı bu ağır günlərdə vətənpərvərlik duyğularını itirmədən, qurtuluş yollarını axtarırdı.

1993-cü ilin iyun ayında Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dönüş nöqtəsi baş verdi. O vaxtlar Azərbaycanın siyasi və ictimai həyatının ən kritik dövründə xalq böyük ümidlə və etimadla Ulu Öndər Heydər Əliyevə üz tutdu. 15 iyun 1993-cü ildə Ümumilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu, ölkənin xilası və milli qurtuluş günü kimi tarixə keçdi. Ulu Öndərin hakimiyyətə qayıdışı siyasi sabitliyin, iqtisadi bərpa prosesinin və dövlət quruculuğunun başlanğıcı oldu.

Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə qanunsuz silahlı dəstələr tərksilah edildi, dövlət hakimiyyətinin vahid mərkəzdə cəmlənməsi təmin olundu. Yeni idarəetmə sisteminin qurulması, islahatların aparılması üçün güclü siyasi iradə nümayiş etdirildi. Dövlət strukturlarında şəffaflıq, nizam-intizam və hüququn aliliyi prinsipləri əsas tutuldu. Bu addımlar Azərbaycanın ictimai-siyasi həyatında sabitliyin bərpasına təkan verdi. Məhz onun rəhbərliyi altında Azərbaycan öz dövlətçilik modelini qurmağa başladı. 1995-ci ildə yeni Konstitusiya qəbul edildi, bu sənəd ölkədə hüquqi dövlət və demokratik idarəetmənin əsası kimi xidmət etdi. Parlamentarizm prinsiplərinə əsaslanan çoxpartiyalı siyasi sistem yaradıldı, vətəndaşların siyasi hüquq və azadlıqları təmin olundu. Seçki sistemi təkmilləşdirildi, müstəqil məhkəmə hakimiyyəti formalaşdı. Bu proseslər ölkədə siyasi sabitliyin və ictimai birliyin bərpasında mühüm rol oynadı.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyev iqtisadi sahədə strateji addımlar atdı. Azərbaycanın zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması məqsədilə 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandı. Bu müqavilə Azərbaycanın neft sənayesində beynəlxalq şirkətlərlə əməkdaşlıq yaratdı, ölkənin iqtisadi inkişafına yeni nəfəs gətirdi. Enerji sektorundakı islahatlar iqtisadiyyatı canlandırdı, xarici investisiyaların ölkəyə cəlb olunmasına şərait yaratdı.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycan beynəlxalq səviyyədə tanındı və dünya siyasətində öz yerini tutmağa başladı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu. Bu qurumlarla əməkdaşlıq Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxşaxəli əlaqələrin qurulmasına imkan yaratdı. Həmçinin, ölkəmizin beynəlxalq müstəvidə müstəqil və etibarlı tərəfdaş kimi tanınması regionda sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynadı.

1990-cı illərdə zəifləyən ordu Ümumilli Liderin rəhbərliyi ilə yenidən təşkil edildi və müasir standartlara uyğunlaşdırıldı. Silahlı qüvvələrin yenidən qurulması, müdafiə sənayesinin inkişafı və hərbi hazırlığın yüksəldilməsi üçün böyük səylər göstərildi. Bu, Azərbaycan torpaqlarının müdafiəsi və milli təhlükəsizliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıyırdı. Dahi şəxsiyyətin hakimiyyəti dövründə yalnız siyasi və iqtisadi sahədə deyil, sosial və mədəni sahələrdə də ciddi inkişaflar baş verdi. Təhsil sistemində islahatlar həyata keçirildi, səhiyyə sahəsində yeni proqramlar tətbiq olundu, vətəndaşların sosial müdafiəsi gücləndirildi. Mədəniyyətin inkişafına xüsusi diqqət göstərildi, milli dəyərlər və tarixi irs qorunub saxlanıldı, Azərbaycan xalqının milli-mənəvi kimliyi möhkəmləndirildi.

1997-ci ildə 15 İyun tarixi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən rəsmi olaraq Milli Qurtuluş Günü elan edildi. Bu gün ölkənin parçalanmaq təhlükəsindən qurtarılması, dövlətçiliyin bərpası və xalqın birliyi rəmzi kimi qeyd olunur. Milli Qurtuluş Günü Azərbaycan xalqının iradəsinin, vətənə bağlılığının və dövlətə sadiqliyinin simvoludur.

Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Onun rəhbərliyi ilə ölkə həm daxili, həm də xarici siyasətdə yeni uğurlar qazandı. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində və 2023-cü ilin Antiterror əməliyyatları zamanı  Azərbaycanın möhtəşəm hərbi qələbəsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Bu qələbə Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təzahürü olmaqla yanaşı, ölkənin strateji mövqeyinin güclənməsinə də töhfə verdi. Azərbaycanın təhsil, səhiyyə və sosial təminat sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar və inkişaf proqramları vətəndaşların həyat səviyyəsini yüksəltdi, ölkənin davamlı və dayanıqlı inkişafına zəmin yaratdı. Eyni zamanda, Azərbaycan regionda əsas siyasi və iqtisadi aktor kimi nüfuzunu artırdı, beynəlxalq əlaqələrini genişləndirdi.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, xalqın böyük iradəsinin, milli həmrəyliyinin və xilaskar liderə olan güvənin rəmzidir. Bu gün bizə keçmişin ağır dərslərini unutmadan, gələcəyə ümid və inamla baxmağı, milli birliyimizi qorumağı xatırladır. Ulu Öndər Heydər Əliyevin irsi əsasında qurulan Azərbaycan dövləti hər bir vətəndaşın fəal iştirakı ilə daha da güclənir və inkişaf edir. Milli Qurtuluş Günü həm də bütün Azərbaycan xalqının öz tarixini, dövlətini və müstəqilliyini sevgi və məsuliyyətlə qorumaq əzmini nümayiş etdirən müqəddəs gündür.