15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

15 İyun – Milli Qurtuluş Günü ilə bağlı Ordubad rayonunda tədbir keçirilib. Əvvəlcə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək öz hörmət və ehtiramlarını ifadə ediblər.

Ordubad Rayon Mədəniyyət Sarayında davam edən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından  keçən qəhrəman şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.  İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.  Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi - “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır.  Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. 1993-2003-cü illərdə aparılan siyasi, iqtisadi islahatlar nəticəsində ölkəmiz inkişaf yoluna qədəm qoydu. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Dahi liderin uzaqgörən siyasətinin nəticəsidir ki, artıq Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Antropologiya İnstitutunun elmi işçisi, doktorant Günay Bayramovanın və “Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı”nın sədri Fərrux Nağızadənin çıxışları dinlənilib.

           Sonda Milli Qurtuluş Gününə həsr edilmiş sənədli filmə baxılıb.