Oktyabr ayının 18-də Ordubad Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etməsindən, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasından, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından daha da çətin olmasından, Azərbaycan xalqının 1990-cı illərin əvvəllərində yenicə bərpa olunan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmasından, lakin ümummilli lider Heydər Əliyevin ölkədə hökm sürən xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi, psixoloji gərginliyi aradan qaldıraraq, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdiyindən, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün ölkə Prezidenti cənab İlham Əliyevin davam etdirdiyindən, onun rəhbərliyi ilə ölkəmizdə əldə olunan böyük tərəqqidən ətraflı danışıb.
Fərqanə Hüseynli 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 ilinin tamam olduğunu bildirərək, ölkə Prezidentinin hakimiyyəti dövründə tarixi işlərə imza atmasından və bu gün onun rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə öz layiqli yerini tutmasından, Azərbaycanın yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir bir ölkəyə çevrilməsindən, milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq həyata keçirildiyindən, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətlərindən bəhs edib. Vurğulayıb ki, bu ilin sentyabr ayında Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tərəfindən torpaqlarımızda aparılan lokal antiterror əməliyyatlarından sonra Azərbaycan öz suverenliyini tamamilə bərpa edib, cənab Prezident 15 oktyabr tarixini Azərbaycanda daha da əlamətdar bir günə çevirərək, Xankəndində, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını ucaldaraq, həmin torpaqlara səfər edərək Azərbaycanı bütövləşdirib.
Qeyd olunub ki, 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama əsasən də 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. Elə bu münasibətlə də ölkə Prezidenti 17 oktyabr tarixində Füzuli rayonuna səfər edərək Füzuli-Ağdm avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Mərkəzi Şəhər Parkında ağac əkib, Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Tədbirin bədii hissəsində Ordubad Rayon Mədəniyyət Sarayının musiqi kollektivlərinin üzvlərinin rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.