2 Fevral – Azərbaycan Gəncləri Günüdür

    Azərbaycan gəncliyi ölkəmizin gələcəyi, onun inkişafının əsas aparıcı qüvvəsidir. Gənclərin hərtərəfli inkişafı, təhsil almaları, dövlət quruculuğunda fəal iştirak etmələri və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişmələri müasir Azərbaycan siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən dövlət strategiyasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1997-ci ildə məhz onun təşəbbüsü ilə 2 fevral tarixi "Azərbaycan Gəncləri Günü" elan edilmiş və o vaxtdan etibarən hər il ölkədə təntənəli şəkildə qeyd olunur. Ulu Öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də Azərbaycanın müstəqillik illərində gənclərə daim xüsusi diqqət yetirmişdir. Sovet dövründə Azərbaycanlı gənclərin ən nüfuzlu ali məktəblərdə təhsil almaları, müxtəlif sahələrdə peşəkar kadr kimi yetişmələri üçün geniş imkanlar yaradılmışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmiş və sonradan ölkəmizin inkişafına böyük töhfələr vermişdir. Müstəqillik illərində isə Ümummilli Lider Heydər Əliyev milli gənclər siyasətini formalaşdıraraq, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün mühüm addımlar atmışdır. 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı ildə ölkədə ilk Gənclər Forumu keçirilmişdir. Ulu Öndər 1997-ci ildə 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edərək, dövlətin bu sahəyə verdiyi önəmi bir daha təsdiq etmişdir.

     Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirərək, Azərbaycan gənclərinin inkişafı üçün genişmiqyaslı islahatlar həyata keçirmişdir. Bu gün ölkəmizdə gənclərin təhsil alması, elm, mədəniyyət, idman və digər sahələrdə uğur qazanması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. “Azərbaycan Gəncliyi 2005–2009”, “Azərbaycan Gəncliyi 2011–2015” və “Azərbaycan Gəncliyi 2017–2021” dövlət proqramları bu istiqamətdə atılan mühüm addımlardandır. Eyni zamanda, ölkədə gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi məqsədilə “Startap” layihələri, gənclər fondlarının fəaliyyəti genişləndirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin sosial rifahının yüksəldilməsi, onların işlə təmin edilməsi, dövlət idarəçiliyində fəal iştirak etmələri üçün xüsusi proqramlar reallaşdırılır. Azərbaycan gəncliyi 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz qəhrəmanlığı, şücaəti və fədakarlığı ilə tarix yazmışdır. Müharibə zamanı minlərlə gənc torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qoşularaq, düşmənə ağır zərbələr endirmişdir. Onlar öz canlarını vətən yolunda fəda edərək, torpaqlarımızın azad olunmasına nail olmuş, xalqımıza böyük Zəfər sevinci bəxş etmişlər.

     Müharibədən sonra dövlət tərəfindən şəhid ailələrinə və qazilərə xüsusi diqqət yetirilmiş, onların sosial müdafiəsi gücləndirilmişdir. Eyni zamanda, Vətən müharibəsində iştirak etmiş gənclərin təhsil alması, işlə təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Azərbaycanın istedadlı gəncləri hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur. Heydər Əliyev Fondu bu sahədə geniş fəaliyyət göstərərək, gənclərin təhsil, mədəniyyət və digər sahələrdə inkişafına dəstək verir. Fondun təşəbbüsü ilə hər il yüzlərlə gənc müxtəlif beynəlxalq proqramlarda iştirak edir, nüfuzlu universitetlərdə təhsil alır və ölkəmizi dünya miqyasında layiqincə təmsil edirlər.

       Bundan başqa, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə istedadlı gənclər üçün xüsusi layihələr həyata keçirilir, onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün müxtəlif imkanlar yaradılır. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi diqqət nəticəsində Azərbaycan gəncləri müxtəlif beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Bu gün Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısını hiss edərək, ölkənin inkişafına töhfə verməyə davam edirlər. Onlar müasir biliklərə yiyələnmiş, vətənpərvər, yenilikçi və milli dəyərlərə sadiq bir nəsildir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində Azərbaycan gəncləri ölkəmizin parlaq gələcəyinin təminatçısıdır.