ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

20 Noyabr - Ağdam şəhəri günüdür

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

 

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat kilometr olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdir. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdir. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmiş, ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayınmışdır. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabr ayının 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmiş və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabr ayının 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı  ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.

Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür.

Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Ağdam işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, təməlqoyma mərasimlərində, açılış mərasimlərində, aparılan bərpa, inşaat, tikinti işləri ilə tanışlıq mərasimlərində iştirak etmiş, Ağdam Cümə məscidini ziyarət etmiş, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmuşdur.