ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

20 Oktyabr - Zəngilan şəhəri günüdür

   XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur.

   1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır.

   Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

   Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

   Zəngilan respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərmişdir.

   Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.

   Erməni vandalizmi nəticəsində rayonun kəndlərindəki onlarla qədim tarixi və dini abidələr, ziyarətgahlar, tarixi memarlıq abidələri darmadağın, məhv edilərək Azərbaycan tarixinə, mədəniyyətinə, dininə böyük zərbə vurulmuşdur.

   2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Ordumuz tərəfindən düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratmışdır. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilmişdir.

   2020-ci il noyabr ayının 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

   Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunmuşdur.

   İşğaldan azad olunduqdan sonra Azərbaycanın digər bölgələri kimi, Zəngilan rayonunun da yeni inkişaf dövrü başlamış, ərazidə bərpa-quruculuq işlərinin aparılması  surətlə davam etdirilmişdir.

   Birinci pilot layihə Zəngilanda, Ağalı kəndində icra edilmiş, 200 evdən ibarət gözəl kənd salınmışdır. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulmuşdur. Hazırda kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlamışlar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunmuşdur.

   Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq  kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır.

   Ağalı ağıllı kənd layihəsində  yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar  tətbiq edilmişdir.

   Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 (üç) hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilmişdir. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri quraşdırılmışdır.

   İsidilmə xərclərinin və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, quraşdırılıb. Suyun isidilməsi üçün isə yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41.000 m³ texniki su əldə ediləcəkdir.   

   Ağıllı kənddə evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilmişdir. İzolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli  dərəcədə azaldılmışdır.

   Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq,  ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilmişdir.

   2024-cü il 18 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli açılmışdır. Hotel Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir.

   Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılmış və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.

   Zəngilan mühüm nəqliyyat qovşağıdır. Belə ki, Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

   Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Yolun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb. Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.

   İşğal dövründə Zəngilan şəhərindəki XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılmış, ilkin görkəmini 70 faizə qədər itirmiş, tarixi məsciddən tövlə kimi istifadə olunmuşdur. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də Heydər Əliyev Fondu tərəfindən bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilmişdir. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilmişdir. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılmışdır. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılmış, interyerdə nəqqaşlıq işləri aparılmış, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənmişdir. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanmışdır.

   Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.

   Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdirilir. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.

   Zəngilan işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, təməlqoyma mərasimlərində, aparılan inşaat, tikinti işləri ilə tanışlıq mərasimlərində, açılış mərasimlərində iştirak etmiş, Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüş keçirmişdir.