20 Yanvar – Qanla yazılmış azadlıq salnaməsi

20 Yanvar faciəsi, Azərbaycanın müstəqillik və milli azadlıq yolunda qanla yazılmış ağrılı, eyni zamanda şərəfli səhifələrindən biridir. Bu hadisə təkcə Azərbaycan tarixində deyil, həm də bütün dünya xalqlarının azadlıq mübarizəsində xalqın iradəsinin sarsılmaz nümunəsi kimi yadda qalıb.

1980-ci illərin sonlarında SSRİ-nin iqtisadi və siyasi böhranı nəticəsində imperiyanın dağılması prosesləri sürətlənmişdi. Bu dövrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı ciddi təhdidlər yaranmış, Dağlıq Qarabağ bölgəsində erməni separatçıları Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmək məqsədilə fəallaşmışdılar. Azərbaycan xalqı bu təzyiqlərə qarşı milli azadlıq mübarizəsini başlatmış və öz torpaqlarını qorumaq üçün meydanlara çıxmışdı. Erməni separatizminin gücləndirilməsi və Azərbaycan torpaqlarına qarşı təcavüz siyasətinin həyata keçirilməsi ilə yanaşı, Azərbaycan türkləri dədə-baba yurdlarından kütləvi şəkildə deportasiya olunurdu. 1948-1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı zorla çıxarılmış, onların əmlakı talan edilmişdi. Bu deportasiya siyasəti 1980-ci illərin sonlarında daha amansız formada davam etdirildi. Ermənistan ərazisindəki azərbaycanlılar öz tarixi torpaqlarından qovuldu, çox sayda dinc insan qətlə yetirildi. Deportasiya siyasəti və ona paralel şəkildə həyata keçirilən təzyiqlər Azərbaycan xalqının milli ruhunu boğmağa və onları zəiflətməyə yönəlmişdi.

Milli azadlıq hərəkatı gücləndikcə, SSRİ rəhbərliyi bu prosesləri dayandırmaq üçün sərt tədbirlər görmək qərarına gəldi. Kreml, Azərbaycan xalqının iradəsini qırmaq və müstəqillik hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi. 35 minlik Sovet Ordusunun ağır texnikası və silahlanmış əsgərləri dinc əhalini hədəfə aldı. Həmin gecə Bakıda və ətraf ərazilərdə 147 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirildi, 744 nəfər yaralandı, yüzlərlə insan həbs olundu. Dinc əhaliyə qarşı istifadə edilən zorakılıq və qəddarlıq, Sovet rejiminin əsl mahiyyətini açıq şəkildə göstərdi. İnsanlar yalnız milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə apararkən vəhşicəsinə qətlə yetirilmişdi. Bu qırğınlara SSRİ rəhbərliyində olan şəxslər, xüsusilə Mixail Qorbaçov və onun yaxın ətrafı rəhbərlik etmişdilər. Qorbaçovun imzası ilə Bakıdakı qanlı qırğın əməliyyatına qərar verilmiş, Sovet hərbi qüvvələri azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirmişdi. Bu hadisələr bir daha göstərdi ki, SSRİ rəhbərliyi milli azadlıq istəyini boğmaq üçün heç bir sərhəd tanımırdı.

Amma 20 Yanvar qətliamı Azərbaycan xalqını qorxutmaq əvəzinə, onun azadlıq mübarizəsinə daha da təkan verdi. Bu faciə milli həmrəyliyi gücləndirdi və Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi. Faciədən bir gün sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev, ciddi nəzarət və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək faciə ilə bağlı etiraz bəyanatı verdi. O, Sovet rəhbərliyinin qanlı cinayətini kəskin şəkildə pislədi və Azərbaycanın haqlı mübarizəsini müdafiə etdi. Ulu Öndər Heydər Əliyev xalqın yanında olduğunu açıq şəkildə nümayiş etdirdi və bu mövqeyi ilə milli mübarizənin ruhunu daha da gücləndirdi. Ulu Öndərin həmin dövrdə göstərdiyi qətiyyətli mövqe və faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün atdığı addımlar Azərbaycan xalqının gələcək müstəqillik arzularının reallaşmasında mühüm rol oynadı.

Prezident İlham Əliyev 20 Yanvar hadisələrinin beynəlxalq səviyyədə tanınması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə hər il 20 Yanvar günü şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunur və bu hadisənin tarixi əhəmiyyəti yeni nəsillərə çatdırılır. Prezident İlham Əliyev ölkədə şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərmiş, onların problemlərinin aradan qaldırılması üçün bir sıra mühüm addımlar atmışdır. Şəhid ailələrinə mənzillər və müavinətlər verilmiş, onların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və bölgələrdə müxtəlif abidələr ucaldılmış, Şəhidlər Xiyabanı xüsusi qayğı ilə qorunub saxlanılmışdır. Eyni zamanda ölkə rəhbərinin müvafiq sərəncamları ilə 20 Yanvar faciəsi ilə bağlı tarixi faktların beynəlxalq arenada təbliğ olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür.

20 Yanvar hadisəsi Azərbaycan xalqının milli ruhunun dirçəlişi və müstəqillik istəyinin sarsılmaz olduğunu bütün dünyaya göstərdi. Həmin gün xalq sübut etdi ki, heç bir güc azadlıq və ədalət uğrunda mübarizəni boğa bilməz. 20 Yanvar şəhidlərinin xatirəsi isə müstəqil Azərbaycanın qurulmasında əbədi bir simvola çevrildi. 35 il keçməsinə baxmayaraq, 20 Yanvarın ağrısı unudulmayıb. O gecədə tökülən qanlar Azərbaycanın müstəqillik tarixinin əbədi parçasıdır. Bu tarix həm faciə, həm də qəhrəmanlıq salnaməsidir.