22 İyul – Milli Mətbuat Günüdür

       Azərbaycan tarixində milli mətbuatın əsasının qoyulması 149 il əvvələ təsadüf edir. Xalqımızın görkəmli maarifçi-pedaqoqu, öz dövrünün tərəqqipərvər şəxsiyyətlərindən biri sayılan Həsən bəy Zərdabi məhz 1875-ci ilin 22 iyul tarixində “Əkinçi” qəzetinin ilk buraxılışını çap etdirərək ictimai-siyasi həyatımızda bir ilkə imza atmağı bacardı. Təqribən 2 il ərzində fəaliyyət göstərərək cəmi 56 buraxılış sayı işıq üzü görsə də, “Əkinçi”nin Azərbaycan mətbuatına, xalqın oyanış və savadlanmasına, ziyalı nəslin formalaşmasına verdiyi töhfə əvəzedilməzdir.

      Qısa bir müddət ərzində şöhrət tapan və əhalinin bütün təbəqələri tərəfindən rəğbət görən “Əkinçi”, Çar İmperiyası tərəfindən dərhal təzyiq altına salınmağa başladı. Zərdabinin yaydığı maarifçilik işığından çəkinən İmperiya təmsilçiləri, “Əkinçi”nin nəşrini dayandırmaq qərarına gəldi. Qısa müddət ərzində faəliyyət göstərməsinə baxmayaraq milli identiklik hissinin və müstəqillik ideyalarının formalaşmasında bu qəzetin rolu inkaredilməzdir. Özündən sonra yaranan qəzetlərə mayak olan “Əkinçi” milli mətbuatın inciləri sayılan  “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi nəşrlərin inkişafında baza rolunu oynadı. Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti birbaşa olaraq Zərdabi düşüncələrinin məhsulu idi.

      Müasir və çağdaş əsrimizin mətbuatının formalaşması və inkişafı isə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqil Azərbaycanın 1993-cü ildən sonrakı bütün sahələri əhatə edən inkişaf dövrü mətbuatdan da yan keçmədi. Ölkədə geniş şəkildə fikir və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrində senzuranın aradan qaldırılması Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mütərəqqi addımların yalnız bir hissəsdir. Dahi şəxsiyyət Heydər Əliyev jurnalistlərin dostu adını qazanmaqla qısa zaman kəsiyində qətiyyətli qərarlar qəbul etmiş, ölkədə ilk olaraq  hərbi, daha sonra isə dövlət senzurasını ləğv etmişdi. Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın hazırlanması və qəbul olunmasında müstəsna rol oynayıb. “Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" deyən ölkə Prezidenti Azərbaycanda müstəqil və azad media siyasətinin həyata keçirilməsinə mühüm töhfələr verib. Bu gün ölkəmizdə xeyli sayda qəzet və jurnalların nəşr olunması, internet medianın kütləviliyi deyilənlərə əyani nümunədir.

        Müxtəlif illərdə Ulu Öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlara uyğun olaraq milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə ərazisində geniş şəkildə qeyd olunmuşdur. Haliyədə də media sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün xüsusi qanunlar qəbul edilir və müsbətyönümlü addımlar atılmaqdadır. Dövlət başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli” Fərmana əsasən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldması mətbuata göstərilən diqqətdən qaynaqlanan bir hadisə idi.

        Hal-hazırda informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının dünya informasiya şəbəkəsinin bir parçasına çevrilməsində əsas rol oynayır. Beynəlxalq təşkilatlar tərəfindən müntəzəm olaraq keçirilən peşə artımı kurslarında yerli media nümayəndələrimiz də  treninq kursları keçərək öz ixtisaslarını daha da təkmilləşdirirlər. Azərbaycanın əsas qanunvericilik bazası sayılan Konstitusiyada söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması media siyasətinə dövlət tərəfindən verilən önəmin göstəricisidir.

      Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq işlər görülür. Jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, eləcə də güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun verilməsi KİV-ə göstərilən dövlət qayğısının təzahürüdür. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına diqqət ayırıb. Məhz bunun nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı, həmçinin aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsi məqsədilə  dövlət tərəfindən bütün addımlar atılır. Müasir tələblərə və standartlara cavab verən medianın inkişafı  bu reallığın nəticəsidir.  

       Azərbaycan jurnalistikası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində müstəsna xidmətlər göstərərək Zəfərin ilk müjdəçisi olub. 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı əzmlə savaşan qəhraman media mənsubları  Ali Baş Komandanın müsahibələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır. Düşmənlə aparılan mübarizədə şəhid  və ya qazi olan jurnalistlərin adı Azərbaycan tarixində əbədi olaraq həkk olunmuş, ölümündən sonra  ailələrinə dövlət tərəfindən fəxri adlar və digər təzminatlar verilmişdir.

      Azərbaycan mediası bu gün xarici ölkələr ilə, xüsusən də Türkiyə ilə jurnalistika sahəsində əməkdaşlığa xüsusi önəm verir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu  iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilib. Haliyədə də ölkəmizin media qurumları xaricdə fəaliyyət göstərən digər aparıcı media orqanları ilə sıx əməkdaşlıq münasibətləri qurur, həyata keçirilən dövlət siyasətini və ölkəmizin uğurlarını geniş şəkildə təbliğ edirlər.