23 İyun – Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamına əsasən təsis olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsi ilə 23 iyun tarixinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi və üzv ölkələrə tövsiyəsi əsas götürülərək Azərbaycan Respublikasında da dövlət başçısının müvafiq sərəncamı olmuşdur. Sərəncamda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu önə çəkilməklə bu günün əhəmiyyəti aydın şəkildə xarakterizə edilib.
Ölkəmizdə dövlət quruculuğunun əsasının qoyulması, eləcə də dövlət qulluğu sahəsinin formalaşdırılması və inkişaf mexanizmlərinin həyata keçirilməsi birbaşa olaraq Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin atdığı mütərəqqi addımlar sayəsində Dövlət qulluğunda köklü islahatlar aparılmış, bu sahədə inkişaf etmiş müxtəlif dövlətlərin təcrübəsi tətbiq olunmuşdur. 1995-ci ildə ölkə Konstitusiyasının və 2000-ci ildə “Dövlət qulluğu haqqında” Qanunun qəbul olunması dövlət idarəetməsində zəngin qanunvericilik bazasının və peşəkar kadr potensialının yaradılmasına, həmçinin dövlət qulluğu sahəsində fəaliyyət göstərənlərin cəmiyyətdə hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə zəmin yaratmışdır.
Son illərdə dövlət qulluğunun təkmilləşdirilməsi və inkişafı ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq tədbirlər həyata keçirilir. 2018-ci il 23 noyabr tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” və bu Strategiyanın icrası üzrə Fəaliyyət Planına uyğun olaraq əhəmiyyətli addımların atılması qeyd olunanlara əyani nümunədir. Hal-hazırda dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlərin əks olunduğu Fəaliyyət Planı uğurla həyata keçirilməkdədir.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən Dövlət qulluqçularına müntəzəm olaraq diqqət və qayğı göstərilir, onların həyat və iş keyfiyyətinin yüksəldilməsi üçün müvafiq addımlar atılır. İl ərzində dövlət qulluğu sahəsində öz bacarıq və bilikləri ilə fərqlənən şəxslər mükafatlandırılır, müxtəlif medallar ilə təltif olunurlar. Dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar dövlət qulluqçularına stimul yaratmaqla bərabər, onların iş fəaliyyətinin daha da səmərəliliyinə, məmur-vətəndaş münasibətlərinin daha da gücləndirilməsinə, xalq-dövlət tandeminin sarsılmaz olacağına əminlik yaradır.