Ordubad Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon Tarix – Diyarşünaslıq Muzeyində “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev, rayon Mədəniyyət İdarəsinin məsləhətçisi İlahi Mirzəyev mövzu ətrafında çıxışlar ediblər. Bildiriblər ki, Kəlbəcər Azərbaycanın ən füsunkar bölgələrindən biridir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri, daş abidələr aşkar edilib. 1993-cü ilin aprel ayının 2-də ermənilər tərəfindən Kəlbəcər rayonu işğal edilib, 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, əhalisi resbublikanın rayonlarında müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində tarixi-mədəniyyət abidələri, məktəblər, tibb məntəqələri, binalar, mənzillər və sair talan edilib, dağıdılıb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabr ayının 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.
Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 iyul tarixli Sərəncaməna əsasən 25 noyabr – Kəlbəcər Şəhəri Günü kimi təsis olunub.
Çıxış edənlər Vətən müharibəsində əldə olunan tarixi Qələbəni əbədiləşdirmək məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini, Kəlbəcər Şəhəri Gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğunu xüsusi vurğulayıblar.