26 avqust - Laçın Şəhəri Günüdür

 

1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən az sonra daxildə siyasi təlatümlər baş qaldırmış, xaricdən isə düşmən təcavüzü ilə üzləşmişdi. Erməni separatizminin tuğyan etdiyi bir zamanda ölkə idarəçiliyində olan xaos və anarxiya ərazilərimizin ard-arda işğal olunması ilə nəticələnirdi. Laçın rayonu Azərbaycanın Ermənistanla sərhəddə yerləşən və o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik strateji ərazi vahidi sayılırdı. Məhz Laçının 1992-ci ilin 17 may tarixində işğal olunması ilə faktiki olaraq işğalçı Ermənistan və Qarabağdakı separatçılar arasında birbaşa əlaqə qurulmuş, sonrakı işğalların önü açılmışdı.

          Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. Mərkəzi Laçın şəhəridir. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Təbii iqlimi əsrarəngiz olan  Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Laçın rayonu işğala məruz qalarkən 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb,  217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. Həmçinin işğal zamanı erməni talançıları 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəni vandalizmə məruz qoyub. O zamankı AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinin nəticəsində yaranan özbaşınalıq və idarəetmə böhranı az sonra Kəlbəcər rayonunun da qəsbkarlar tərəfindən zəbt olunması ilə nəticələndi.

           Erməni vandalizmi təkcə torpaqların işğalı ilə bitməmiş, Cenevrə konvensiyasının tələbləri kobud şəkildə pozularaq işğal olunan ərazilərin coğrafi adlarının dəyişdirilməsi, təbii ehtiyatların talan və müsadirə yolu ilə özgəninkiləşdirilməsi, həmçinin qeyri region ölkələrindən  erməni əsilli qaçqınları bura köçürərək məqsədyönlü məskunlaşma siyasəti ilə mənfur planlar davam etdirilmişdir.

           30 ildən artıq içimizi göynədən vətən həsrəti 44 günlük müharibədə əldə etdiyimiz qələbə nəticəsində 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonunun Azərbaycana təhvil verilməsi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə başa çatdı. Ali Baş Komandan rəhbərliyində şanlı Azərbaycan ordusu erməni qoşunlarını darmadağın edərək yerdə qalan tör-töküntülərini bu ərazilərdən birdəfəlik olaraq çıxartmağa nail oldu. Göstərdikləri şücaət və qəhrəmanlıq ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

            Artıq Laçın rayonu Azərbaycanın digər bölgələri kimi inkişaf və çiçəklənmə dövrünü yaşayır. Bu ərazidə əhalinin elektrik enerjisinə təlabatını ödəyəcək bir neçə elektrik stansiyası işə salınıb. Müasir yol infrastrukturu inşa edilir. Tunel və körpülər tikilməkdədir. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq əsas amillərdən biri olacaqdır. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri kimi strateji təyinatı olmaqla yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına imkan verəcək. Hal-hazırda Laçın rayonu ərazisində geniş tikinti quruculuq işləri davam etdirilir. İşğaldan azad olunduqdan sonra Laçında 700-dən artıq bina inşa edilib, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası aparılır. Laçında həmçinin hotel və mehmanxana kompleksi inşası davam etdirilir. İstehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə Laçın rayonunun sənaye zonasında mebel fabriki yaradılır. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcəkdir.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, Həkəri çayında yaradılan astana və göl ilə yanaşı şəhərin giriş hissəsində salınan çaykənarı bulvar turistlərin rahatlığına xidmət edəcəkdir.

2023-cü ilin 28 may tarixində, Müstəqillik Günündə laçınlıların doğma torpaqlarına qayıdışına start verilib. Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşma üçün bütün şərait yaradılıb. Qısa müddət ərzində Dövlət Proqramına əsasında Laçın şəhərində 534 ailə olmaqla təqribən 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Laçın şəhəri ilə yanaşı rayonun ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 217 ailə olmaqla 823 nəfərin daimi məskunlaşması həyata keçirilib.

Ali Baş Komandan İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edərək bir sıra yeni təməlqoyma və açılış mərasimlərində iştirak edib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Laçın şəhərinin azad edilməsi günü ilə əlaqədar ölkəmizdə xüsusi tədbirlər keçirilir, rəsmi mərasimlər təşkil olunur.