Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə seçilən Azərbaycan yüzillliklər boyu yadelli qüvvələrə qarşı mübarizə aparmış, xalqın yetişdirdiyi qəhrəman oğullar sayəsində öz dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini qoruyub saxlamağı bacarmışdır. Mərd sərkərdə və dövlət xadimləri xalqın birliyinə və vəhdətinə arxalanaraq güclü imperiyalara qarşı dirəniş göstərmiş, daimi əsarət və yadelli işğalının baş verməsinin qarşısını müvəffəqiyyətlə almağı bacarmışdılar. Döyüşkənlik əzmi və fərdi şücaət genetik kod olaraq hər zaman xalqımızın ayaqda qalmasına və mübarizəsinə şərait yaratmışdır.
Müasir Azərbaycan dövlətçiliyinin və ordu qurulucuğunun təməli isə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1969-cu ildə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, hərb elminin inkişafına da xüsusi diqqət göstərən Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmaqla azərbaycanlılardan ibarət milli zabit kadrların formalaşması və hərb elminin inkişafına təkan vermiş oldu. Sözsüz ki, bu addım öz dövrünə görə böyük cəsarət və iradə tələb edirdi. Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsilin davam etdirilməsi isə azərbaycanlı gənc zabitlərin peşəkarlıqlarını daha da artırmasına zəmin yaratdı. Məhz vaxtında verilən düzgün qərarın nəticəsi idi ki, müstəqilliyimizin ilk illərində işğal faktı ilə qarşılaşarkən düşmənə qarşı mübarizədə cəbhənin ön sıralarında Naxçıvanskinin yetirmələri dayanmışdı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan arasında atəşkəs haqda müqaviləsinin imzalanması ilə ordunun yeniden formalaşdırılması prosesinə start verildi, maddi-texniki təminat və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması ön plana çəkildi.
Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi qeyd edilməkdədir. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra silahlı qüvvələr ilə bağlı bir sıra mütərəqqi qərarlar verildi. 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman, eləcə də 2001-ci il tarixli Fərmanı ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması bu qəbildən idi. Orduda yeni standartların yaradılması, müasir ordu sisteminə keçilməsi üçün NATO ilə sıx və səmərəli əməkdaşlıq münasibətləri quruldu. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, “Planlaşdırma və analiz prosesi” proqramına və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmaqla minlərlə hərbçimiz NATO və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak etdi və ən son hərbi yenilikləri mənimsədi. Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu əldə etdikləri təcrübədən 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatlarında maksimum yararlanmağı bacardı.
Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılan ordu quruculuğu siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildi. Ordunun müasir döyüş standartlarına yiyələnməsinin nəticəsi olaraq Azərbaycan nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Cənubi Qafqaz regionunda birinci, dünyada isə ilk əlli ordu sırasında yer aldı. Dövlət başçısının atdığı qətiyyətli addımlar nəticəsində müasir hərbi sənaye kompleksi yaradıldı. Artıq ölkəmiz mindən çox hərbi təyinatlı məhsulun istehsalçısı qismində iştirak edir və müntəzəm olaraq aparıcı beynəlxalq sərgilərdə təmsil olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Məhz hərbi sənayenin inkişafı nəticəsində müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan daxili təchizatını təmin etməklə yanaşı bir sıra modern silah və sursatın alınması ilə bağlı müqavilələr imzalayaraq hərbi arsenalını daha da genişləndirməkdədir.
Ordumuz düşmənə qarşı effektiv zərbələrin vurulmasına 2016-cı ilin aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar ərazisini azad etməklə başladı. Ardınca 2018-ci ilin mayında Günnüt zəfəri əldə edildi. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyində 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində ordumuz düşmənə daha da sarsıdıcı zərbə vuraraq, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzaladığı bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun mübarizə əzmini bir daha nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin əksəriyyəti ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq bir sıra orden və medallara layiq görüldü.
Şanlı qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız Zəfər Paradında nümayiş etdirildi. Türkiyə Respublikasının Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunda tətbiq olunmağa başlanıldı. Yeni Komanda birlikləri formalaşdırılmaqla bərabər Komanda hərbi hissələrinin açılışları davam etdirildi. Görülən işlərin bariz nümunəsi olaraq 2023-cü ilin sentyabrında lokal xarakterli Antiterror əməliyyatlarında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Düşmən qoşunları tamamilə darmadağın edilərək ərazilərimizi tərk etməyə məcbur oldu.
Azərbaycan hal-hazırda dünyada silah sənayesində müasir standartların tətbiq olunduğu ölkələrlə əməkdaşlığa önəm verir. Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. dövlətlər ilə müqavilələr bağlanılmaqdadır. Xüsusən Türkiyə, İsrail və Pakistanla strateji və hərbi əməkdaşlıq əlaqələri yüksək səviyyədə qurulub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar”.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında dünyanın ən qüdrətli orduları sırasındadır və Silahlı Qüvvələrimiz istənilən təxribata layiqincə cavab vermək iqtidarındadır.