28 May – Azərbaycan xalqının milli dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan, qürur və iftixar mənbəyi sayılan bir gündür. 1918-ci ilin bu günündə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın əsrlər boyu arzuladığı azadlıq ideallarının reallığa çevrilməsi, milli dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi yolunda atılmış müstəsna addım idi. Məhz bu gün Şərqdə və müsəlman dünyasında ilk parlamentli, hüquqi və demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqın öz taleyinə sahib çıxmaq əzmini, müasir və sivil dövlət qurmaq iradəsini nümayiş etdirdi. Dövlət atributlarının – üçrəngli bayrağın, gerbin və himnin təsis edilməsi, milli ordu quruculuğu, maarifin inkişafı, diplomatik əlaqələrin yaradılması və qadınlara səsvermə hüququnun verilməsi kimi mühüm addımlar qısa müddətdə həyata keçirildi. Bu islahatlar AXC-nin nə qədər mütərəqqi, qabaqcıl ideallara əsaslanan bir dövlət olduğunu sübut etdi.
Lakin daxili siyasi çətinliklər və xarici təhdidlər fonunda, xüsusilə də bolşevik Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ildə Cümhuriyyət süquta uğradı. Bununla belə, müstəqillik ideyası xalqımızın şüurundan heç vaxt silinmədi. Bu ideya XX əsrin sonlarında, 1991-ci ildə – Sovet İttifaqının dağılması ilə yenidən gerçəkləşdi. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etməklə yanaşı, hüquqi və mənəvi baxımdan məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi.
Lakin bu müstəqillik asan əldə edilmədi və onun qorunub saxlanılması, möhkəmləndirilməsi xalqın müdrik lideri, müasir Azərbaycan dövlətçiliyinin memarı Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı ilə mümkün oldu. 1993-cü ildən etibarən ölkədə sabitliyin bərpa olunması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi, milli ideologiyanın formalaşması, ordu quruculuğu və beynəlxalq nüfuzun yüksəldilməsi məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdi. Ümummilli Liderin əsasını qoyduğu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionda və dünyada nüfuzlu, söz sahibi olan bir dövlətə çevrilib. Müstəqil daxili və xarici siyasət, milli maraqlara söykənən diplomatik kurs və güclü iqtisadi baza ölkəmizin dayanıqlı inkişafını təmin edir. Ən mühim tarixi nailiyyətlərdən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdir. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə yanaşı, xalqın milli birlik və müstəqillik ruhunu bir daha nümayiş etdirdi. 2023-cü ilin sentyabrında isə Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam bərpa olundu. Bu, bir əsr öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi prinsiplərin reallaşması, onun ideallarının müasir mərhələdə davamı kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci ildə imzaladığı sərəncamla 28 May tarixinin rəsmi dövlət bayramı – Müstəqillik Günü kimi qeyd olunması, milli yaddaşın və tarixi irsin qorunması baxımından son dərəcə əhəmiyyətli qərardır. Bu, dövlətçilik tariximizə və AXC qurucularının irsinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu əlamətdar gündə xalqımız öz şanlı keçmişinə ehtiramla yanaşır, müstəqil və güclü Azərbaycan dövlətinin daha da möhkəmlənməsi naminə birliyini, həmrəyliyini nümayiş etdirir. Qoy bu müqəddəs gün xalqımızın milli qürur və dövlətçilik ideallarına sadiqliyinin əbədi simvolu olsun.