Müsəlman şərqinin ilk demokratik dövləti kimi tarixdə imzası olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mütərəqqi islahatlarını həyata keçirməklə əbədi olaraq yaddaşlara həkk olunub. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan, müxtəlif imperiyaların qurucusu və ya yaradılmasında iştirak etmiş Azərbaycan xalqı 1918-ci ilin 28 mayında günümüzün ən çağdaş və ideal dəyərlərini özündə əks etdirən idarəetmə formasını bərqarar edərək demokratik Azərbaycan Cumhuriyyətinin təməlini qoydu. İdarəetmənin demokratik, hüquqi, dünyəvi və parlamentli özəlliklərini həyata keçirərək öz modelini yaratdı.
Xalq Cumhuriyyəti İstiqlal bəyənnaməsi əsasında öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirməklə yanaşı, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına stimul verdi. 23 aylıq qısa zaman kəsiyində parlament və dövlətin rəmzləri təsis olunaraq konseptual fəaliyyət mexanizmi quruldu. Yeni yaranmış dövlətin ölkə xaricində legitim olaraq tanıdılması üçün əməli addımlar atıldı. Mühüm dövlət institutlarının yaradılması istiqamətində görülən işlərə nümunə olaraq milli ordunun yaradılması, təhlükəsizlik orqanlarının ilkin bazasının formalaşdırılmasını qeyd etmək olar. Demokratik dəyərlərə sahib olan Xalq Cumhuriyyəti eyni zamanda vətəndaşlara bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Milli ordunun heyətinin formalaşdırılmasında Qafqaz İslam Ordusunun əməyi yüksək qiymətləndirilməlidir. Məhz Nuru Paşa rəhbərliyində Qafqaz İslam qoşunları milli ordu ilə birləşərək Bakı və digər ərazilərimizi düşmən tapdağından xilas etmişdir.
Yenicə müstəqilliyini əldə edən gənc Cumhuriyyətin başlıca məqsədi dünyaya tanınmaq idi. Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması və aparıcı dövlətlər ilə diplomatik əlaqələrin yaradılması istiqamətində gərgin işlər həyata keçirildi. Xalq Cumhuriyyətinin qurulması barədə aparıcı təşkilat və dövlətlərə rəsmi məlumat göndərildi. Qeyd olunan fəaliyyətin məntiqi nəticəsi ondan ibarət idi ki, 1920-ci ilin aprel istilası Azərbaycanın bir dövlət kimi beynəlxalq hüququn subyekti olması faktını ortadan qaldıra bilmədi. Qərbin demokratik dəyərləri ilə Şərq sivlizasiyasının özünəməxsus xüsusiyyətlərini özündə cəmləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytarmaqla bugünkü sarsılmaz dövlətçiliyin təməllərini də yaratmış oldu.
Demokratik Azərbaycan dövlətinin 2 ilə yaxın müddətdə qazandığı nailiyyətlərin miqyası ölçüyə gəlməzdir. Bu müddət ərzində “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində faəliyyətə başlaması, Bakı Dövlət Universitetinin yaradılması ilə yanaşı Nizamnaməsinin qəbul edilməsi, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün qəti addımların atılması görülən işlərin kiçik bir qismidir. Hüquqi cəhətdən görülən konkret işlərə nümunə olaraq Ədliyyə Nazirliyi də təsisatı, Məhkəmə Palatasının və Ədliyyə Nazirliyinin Əsasnamələrinin təsdiqi qeyd oluna bilər.
Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra qəbul etdiyi Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Müstəqilliyini təkrar qazandıqdan sonra dövlətin dirçəldilməsi və gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Özünün hər zamankı xilaskar missiyasının öhdəsindən məharətlə gələn Ulu öndər ölkədə sabitliyi bərqərar etdi. Məhz onun rəhbərliyi altında cəbhədə qazanılan strateji hərbi uğurların ardınca qarşı tərəf atəşkəs imzalamağa məcbur oldu. Əbədiyaşar lider bütün enerjisini dövlətin parçalanmasının qarşısını almağa və dövlətçilik irsinin bərpasına yönəltdi. Müdrik qərarların verilməsi nəticəsində Azərbaycan artıq dünyada tanınan və söz sahibi olan nüfuzlu dövlətə çevrillib. Bu müddət ərzində xalqın tarixi-mədəni yaddaşı özünə qaytarılaraq milli mənlik şüuru inkişaf etdirildi, azərbaycançılıq məfkurəsi hakim ideologiyaya çevrildi.
Xalq Cumhuriyyətinin təsis etdiyi üçrəngli bayrağımız hələ SSRİ-nin mövcud olduğu dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılaraq təsdiq edilmişdir. Belə bir vəziyyətdə cəsarətli addımın atılması dahi şəxsiyyətin qətiyyətinin bariz nümayişi idi. O həmçinin ilk Demokratik Cümhuriyyətin yaranmasında dövrünün qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları və ziyalılarının önəmini xüsusi vurğulamış, bu əlamətdar günü bizim milli bayramımız kimi dəyərləndirmişdir. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında Xalq Cümhuriyyətinin qısa bir zamanda çox işlər gördüyünü, müstəqilliyinin, dövlətçiliyinin əsaslarını yaratdığını qeyd etmişdir.
Cumhuriyyət dəyərlərinin yaşadılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rolu danılmazdır. Məhz Cənab Prezidentin qətiyyəti nəticəsində cumhuriyyətin təməl sərhədlərinin bərpası istiqamətində böyük işlər görülüb. Onun rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal abidəsi ucaldılıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunması bərədə qərarı Cumhuriyyətə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Qanunun qəbul edilməsi Azərbaycanın dünyada tarixi daha da keçmişə dayanan qüdrətli bir dövləti olduğunun göstəricisi sayıla bilər. Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasını tarixi hadisə kimi xarakterizə edərək müsəlman aləmində ilk demokratik respublika və təsisatların yaradılmasının önəmini qeyd etmişdir. Xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutduğunu qeyd edən Dövlət başçısı müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin niyyətlərini həyata keçirdiyini və bu yolun əbədi, dönməz və sarsılmaz olduğunu bir daha bildirmişdir.
Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə ikinci dəfə bərpa etdikdən sonra ilk dəfə olaraq bu əlamətdar günü ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş, separatizm qalıqlarının məhv ediliyi, bütünlüklə təhlükəsiz və əmin-amanlıq şəraitində qeyd edir. Ulu öndər Heydər Əliyev ideyalarının davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti nəticəsində qorunan və tərəqqi yoluna əmin addımlarla irəliləyən müstəqil dövlətçiliyimiz gələcək nəsillərə layiqli şəkildə ərmağan edilməkdədir