31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

     31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, dünyanın müxtəlif guşələrinə səpələnmiş milyonlarla azərbaycanlının milli-mənəvi birliyini, doğma Vətənlə olan sarsılmaz bağlılığını, həmçinin ümummilli həmrəyliyin əzəmətini özündə əks etdirən bir gündür. Bu əlamətdar tarix, xalqımızın milli dəyərlərinə sadiqliyini, tarixi yaddaşını qoruyaraq dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini təcəssüm etdirir.

     1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu bayram azərbaycanlıların dünya miqyasında həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. O dövrün mürəkkəb siyasi və ictimai şəraitinə baxmayaraq, bu təşəbbüs xalqın milli özünüdərkini və diasporamızın təşkilatlanmasını daha da gücləndirmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yalnız tarixi və mədəni bir hadisə deyil, eyni zamanda xalqımızın mənəvi və siyasi gücünün göstəricisidir.

      Azərbaycan xalqı əsrlər boyu müxtəlif xalqlar və mədəniyyətlər arasında öz milli kimliyini və mədəni dəyərlərini qorumağı bacarmışdır. Bu gün isə azərbaycanlılar dünyanın dörd bir yanında öz milli irsini yaşadır, doğma Vətənə sevgi və bağlılığını nümayiş etdirir. Həmrəylik Günü bu bağlılığın simvoludur – Azərbaycan dilini, mədəniyyətini, tarixi ənənələrini qoruyub saxlayan, onları gələcək nəsillərə ötürən hər bir azərbaycanlının öz milli vəzifəsini xatırladan bir gündür. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

       Dünya azərbaycanlılarının birliyi, xüsusilə müasir dövrdə, qloballaşma şəraitində böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Qarabağda qazanılmış zəfərin davamlılığı, Vətənimizin inkişafı və beynəlxalq nüfuzunun artırılması üçün dünya azərbaycanlılarının birgə səyləri vacibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasət dünya azərbaycanlılarının həmrəyliyini və Azərbaycan dövlətinin qüdrətini gücləndirmək üçün möhkəm təməldir.

Dövlət başçısının rəhbərliyi altında ölkə diasporunun fəaliyyətinin daha səmərəli təşkili istiqamətində mühüm işlər görülmüş, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və milli maraqların təbliği üçün güclü mexanizmlər formalaşdırılmışdır. Diaspor Komitəsinin fəaliyyəti nəticəsində dünya azərbaycanlıları arasında əlaqələr möhkəmlənmiş, milli maraqların müdafiəsi istiqamətində birgə addımlar atılmışdır. 2022-ci ildə Şuşa şəhərində keçirilmiş V Zəfər Qurultayı isə Qarabağ zəfərindən sonra dünya azərbaycanlılarının birliyinin və Azərbaycan dövlətinə olan dəstəyinin bariz nümunəsi olmuşdur. Bu qurultay, azərbaycanlılar arasında həmrəyliyin gücləndirilməsi və Vətənlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm platforma kimi yadda qalmışdır. Prezident İlham Əliyev qurultayda çıxışında qeyd etmişdir:” “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir.”

      31 Dekabr həm də bizi bir araya gətirən ortaq məqsəd və ideallarımızı düşünmək, qarşıda duran vəzifələri birgə müzakirə etmək üçün bir fürsətdir. Hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, öz bilik və bacarıqları ilə Azərbaycan dövlətçiliyinin güclənməsinə, mədəniyyətimizin beynəlxalq səviyyədə tanınmasına töhfə verməlidir. Bu əlamətdar bayram münasibətilə dünya azərbaycanlılarını bir daha təbrik edir, onlara həmrəyliyin, birliyin və doğma Vətənlə sarsılmaz bağların əbədiliyini arzulayırıq. Həmrəylik Günü Azərbaycan xalqının tarixi birliyinin və gələcəyə olan böyük inamının əbədi nişanəsidir.