Ordubad Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Əkbər Ağayev adına şəhər 3 nömrəli tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirin əvvəlində soyqırımı qurbanlarının, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərovun, rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Babayevin, Əkbər Ağayev adına şəhər 3 nömrəli tam orta məktəbin direktoru Anar Həsənovun və məktəbin müəllimi Səkinə Tağıyevanın çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı soyqırımlar, etnik təmizləmələr və deportasiyalar həyata keçiriblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri isə 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Çıxış edənlər həmin soyqırımı zamanı Azərbaycanın müxtəlif ərazilərində həyata keçirilmiş vəhşilikləri, qeyri-insani davranışları tarixi faktlarla, rəqəmlərlə ətraflı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Vurğulanıb ki, azərbaycanlılara qarşı törədilmiş bu vəhşiliyə hüquqi-siyasi qiyməti məhz Ümummilli Lider Heydər Əliyev verərək 1998-ci ilin mart ayının 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb, həmin fərmanla da mart ayının 31-i ölkəmizdə “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Müvafiq Fərmanın imzalanması bu məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Bununla da həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə edilib.
Qeyd olunub ki, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvar ayının 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb və bununla bağlı tədbirlər planı hazırlanaraq geniş şəkildə həyata keçirilib.