Noyabr ayının 6-da Ordubad Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin və Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təcəssümüdür” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də başlanan, 44 gün davam edən Vətən Müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrəni darmadağan edərək, güclü ordu strategiyası, milli birlik və qəhrəman oğullarımızın ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv edib, hərbi texnikasını, canlı qüvvəsinə məhv edib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
Qeyd olunub ki, Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir, maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Vurğulanıb ki, azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Infrastruktur qurulur, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimiz, muzeylər, hava limanları, dəmir yolları, tunellər bərpa olunur. Azərbaycan inkişaf edir, azad edilmiş torpaqlarda həyat qayıdır.
Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Sevinc Süleymanlı çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu ilin noyabr ayının 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının binası üzərində qaldırılıb. Qeyd olunub ki, bayrağımızın rəngləri istiqlal ideologiyasının üç təməl prinsipini özündə ehtiva edir. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvələrindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üçrəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.
Çıxışlardan sonra Ordubad rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 8 noyabr – Zəfər Gününə, Azərbaycan Dövlət Bayrağına həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri nümayiş olunub.