
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü, tarixi bir sənədin imzalanması, eləcə də prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə hər bir azərbaycanlı üçün yaddaqalan, mühüm tarixi bir hadisədir. Çıxışı zaman İlham Əliyev ABŞ – Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və strateji tərəfdaşlıq artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.
Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.
İlham Əliyev vurğulayıb ki, 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı.
Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik. Məhz bütün bunlara görə cənab Tramp Nobel sülh mükafatına layiqdir.
Səfərin nəticələrini çox yüksək qiymətləndirən Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmağın Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələ olduğunu, Amerika-Azərbaycan münasibətlərində yeni səhifənin açıldığını bildirib. 907-ci düzəlişin ləğv olunması, strateji əməkdaşlıq formatına başlamağımız tarixi hadisədir. Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur.
1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq. Həmin dövrdə, əlbəttə ki, Konqres üzvləri - konqresmenlər Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən bixəbər idilər. Onlar Ermənistanın lobbi qruplarının təsiri altında idilər və bu ərəfədə Azərbaycan təcavüzkar kimi təqdim olunmuşdu, qələmə verilmişdi. Bu da bizi birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi və ona görə də keçmiş Sovet İttifaqından çıxmış respublika sanksiyalara məruz qaldı. Əlbəttə ki, mürəkkəb bir vəziyyət idi. Sonralar bu düzəliş dayandırıldı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim edirdi. Bu, yüklərin şimal istiqamətində çatdırılmasını, eyni zamanda, nəqliyyat və hava məkanının verilməsi kimi məsələləri əhatə edirdi. 2023-cü ilə qədər hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdı. Ancaq 2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır.
Əlbəttə ki, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu və bu gün onun ofisində bu sənədə imza atdıq.
İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq. Sonra bizim təşəbbüsümüzlə danışıqlar prosesi başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu.
Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.
Azərbaycanın mövqeyi hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Bu paraflanma Ağ Evdə baş tutdu.
Ölkə Prezidenti vurğulayıb ki, Ermənistanın Baş naziri ilə imzaladığı, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə bizim mövqeyimizi göstərən müddəa var – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış. Bu, Ermənistanın suverenliyi çərçivəsində yazılıb. Bizim istədiyimiz, sadəcə, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik. Bizə bu dəmir yolunu Ermənistan sərhədinə qədər tam çatdırmaq üçün bəlkə də bir ildən az vaxt lazımdır, hətta çox çalışsaq, bəlkə altı ay kifayət edər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var. Təkcə dəmir yolu deyil, elektrikötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tuturuq. Azərbaycan sülh istəyir, amma, eyni zamanda, əlaqə istəyir. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Vaxt itirməməliyik, ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq. ABŞ ilə enerji sahəsində əməkdaşlığımız sürətlə inkişaf edir. Prezident Trampın strateji baxışı və siyasəti sayəsində, uzun illər, - bəlkə də on ildən çox, - ədalətsiz şəkildə kənara atılmış fosil yanacaqlar bu gün yenidən diqqət mərkəzinə qayıdıb. Komandamız burada beynəlxalq maliyyə institutları ilə, ABŞ-ın Ex-Im Bankı ilə, həmçinin fosil yanacaq layihələrinin və karbohidrogen nəqli infrastrukturunun maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardı. Enerji, şübhəsiz ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olaraq qalacaq. Prezident Tramp ilə imzaladığımız Anlaşma Memorandumunda enerji xüsusi yer tutur. Enerji dedikdə bu neftdir, qazdır, potensial olaraq bərpaolunan mənbələrdir.
Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik.






