Ağdam – Qarabağın Mərkəzində Yeni Dövr və Regional İnkişafın Çağdaş Modeli

Ağdam rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşən, tarixi və mədəni zənginliyi ilə seçilən bir diyardır. Əsrarəngiz təbiəti, qədim memarlıq abidələri və məşhur "Qarabağ" muğam məktəbi ilə tanınan Ağdam, illər boyu mədəniyyət və ticarətin yüksək səviyyədə inkişaf etdiyi yer kimi tanınmışdır. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 1,094 kvadrat kilometrdir. Ağdam Qarabağın mərkəz hissəsində yerləşir və Şərqi Qarabağ düzənliyinin bir hissəsini təşkil edir. Cənub-qərbdə dağlıq ərazilərlə, şimal-şərqdə isə düzənliklərlə əhatələnmişdir. Mərkəzi şəhəri Ağdam şəhəridir.

Ağdam rayonu qədimdən Azərbaycanın tarixi ərazilərindən biri olmuşdur. Bölgə Qafqaz Albaniyası dövründə mühüm əhəmiyyətə malik olub. Ağdamın ərazisində tapılan arxeoloji abidələr, qəbirlər, və digər tarixi materiallar bu torpağın minilliklər boyu mədəniyyət beşiyi olduğunu göstərir. Ərəblərin Azərbaycana gəlişi və Qafqaz Albaniyasının islamlaşmasından sonra da bu ərazi strateji əhəmiyyətini qoruyub saxlamışdır.

XIX əsrdə və XX əsrin əvvəllərində Ağdam Qarabağın iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri kimi inkişaf etmişdir. Xüsusilə də, XX əsrdə burada ticarət, sənaye və kənd təsərrüfatı sahələri güclü inkişaf etmişdir. Ağdam rayonu zəngin tarixi və mədəni irsə malikdir. İşğaldan əvvəlki dövrdə bu rayonda çoxsaylı tarixi-memarlıq abidələri mövcud idi. Onlardan  İmarət kompleksi, Gövhər Ağa məscidi, Şahbulaq qalası, Xındırıstan türbəsi xüsusilə seçilirdi. Ağdam işğala qədər iqtisadi baxımdan inkişaf etmiş rayonlardan biri idi. Rayon əhalisi əsasən kənd təsərrüfatı, üzümçülük, pambıqçılıq, heyvandarlıq və sənətkarlıqla məşğul idi. Ağdam şəhəri Qarabağ bölgəsinin əsas ticarət və sənaye mərkəzlərindən biri idi. Burada fabriklər, zavodlar və müxtəlif istehsalat müəssisələri fəaliyyət göstərirdi. Mədəni həyatı da zəngin olan Ağdamda teatr, muzeylər və digər mədəniyyət ocaqları mövcud idi.

23 iyul 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu işğal edildi. Bu işğal nəticəsində Ağdam şəhəri və rayonun əksər kəndləri tamamilə dağıdıldı. Kənd və qəsəbələr yerlə-yeksan edildi. Rayonun əhalisi doğma yurdlarından məcburi köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrinə sığındı. İşğal nəticəsində Ağdam rayonu böyük iqtisadi, mədəni və tarixi itkilərə məruz qaldı. İşğaldan sonra Ağdam rayonunda ermənilər geniş miqyaslı vandalizm və hərbi cinayətlər törətdilər. Tarixi abidələr, dini məbədlər və qəbiristanlıqlar məqsədli şəkildə dağıdıldı və təhqir edildi.  Rayon ərazisindəki kənd təsərrüfatı sahələri və infrastruktur tamamilə məhv edildi, Ağdam şəhəri "ruh şəhəri" adlandırılacaq qədər viran qaldı.

2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu Ermənistan qoşunlarını darmadağın edərək torpaqlarımızı azad etdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan ordusu Ağdam rayonunu döyüşsüz tərk etmək məcburiyyətində qaldı. 20 noyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Ağdam rayonuna daxil oldu və 27 ildən sonra rayonda Azərbaycan suverenliyi bərpa edildi

Ağdamın azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Ağdam şəhərinin Baş planı 28 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqləndi. Plana əsasən, Ağdam "ağıllı şəhər" və "yaşıl şəhər" konsepsiyasına uyğun şəkildə inşa edilir.Yol infrastrukturu yenidən qurulur. Ağdamı digər bölgələrlə birləşdirən müasir avtomobil yolları və dəmir yolu xətləri tikilir. İqtisadi fəaliyyətin yenidən canlandırılması üçün təməli qoyulan Ağdam Sənaye Parkında müxtəlif sənaye müəssisələrinin fəaliyyət göstərəcəyi planlaşdırılır. Mədəni irsin bərpası istiqamətində konkret addımlar atılmaqdadır. İşğal dövründə məhv edilən tarixi və milli irs yenidən dirçəldilir.

         Hazırda  "Böyük Qayıdış" proqramı çərçivəsində Ağdamın keçmiş sakinlərinin öz doğma yurdlarına qayıtması üçün hərtərəfli işləri görülməkdədir. Məcburi köçkünlər üçün yeni yaşayış binaları və müasir infrastruktur inşa olunur. Bu gün Ağdam Azərbaycanın Qarabağ bölgəsində dirçəlişin əsas ünvanlarından birinə çevrilib. Regionun tarixi və mədəni zənginliyi ilə yanaşı, iqtisadi potensialı da bərpa olunur. Genişmiqyaslı layihələr təkcə Ağdamın deyil, bütövlükdə Qarabağın inkişafına töhfə verməkdədir.

        Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ağdama səfərləri rayonda aparılan bərpa və quruculuq işlərinin sürətləndirilməsi, Baş planın icrası baxımından mühüm əhəmiyyət daşıyır. Ağdama olan səfərlər təkcə fiziki bərpa prosesini yox, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı siyasi iradəni nümayiş etdirir. Prezident İlham Əliyevin Ağdama ardıcıl səfərləri nəticəsində bu ərazidə  iqtisadi inkişaf üçün yeni imkanlar yaradıldı. Sənaye parkının fəaliyyəti, kənd təsərrüfatının inkişafı və iqtisadi infrastruktur layihələri rayonu yenidən iqtisadi mərkəzə çevirməyə yönəlib. Mədəni irsin bərpası təmin edilməkdədir. Şahbulaq qalası, Gövhər Ağa məscidi və digər abidələrin bərpası Ağdamın əvvəlki tarixi əhəmiyyətini qaytarmaq üçün vacib addımlardır. Ağdamdan məcburi köçkün düşmüş əhalinin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Dövlət başçısının səfərləri zamanı səsləndirdiyi bəyanatlar Azərbaycanın bu ərazilərdəki tarixi hüquqlarını və bərpa prosesinə olan qətiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühim rol oynamışdır.

      Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şanlı zəfərimizin əbədiləşdirilməsi məqsədilə qətiyyətli addımlar atılmışdır. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilərək  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu təltif olunmuş, 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən isə 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir.  

        Haliyədə Ağdamda görülən işlər Prezident İlham Əliyevin diqqəti və iradəsi sayəsində Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir. Bu səfərlər həm simvolik, həm də praktik baxımdan ölkəmizin Qarabağda həyata keçirdiyi islahatların yeni dövrünün başlanğıcını ifadə etməkdədir.