Azərbaycan Respublikasının suverenliyinin bərpası, eləcə də əhalinin təhlükəsizliyinin təmin olunması və erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə ordumuzun 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirdiyi Antiterror əməliyyatı nəticəsində şəhidliyə yüksələn Nihat Quluzadənin Ordubad rayonunun Unus kəndində yerləşən məzarı şəhadətinin ildönümü günündə ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Bu münasibətlə təşkil edilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Muxtar Respublika Mərkəzi İcra Hakimiyyəti orqanlarının bir sıra rəhbər və digər vəzifəli şəxsləri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisələrin məsul şəxsləri, həmçinin şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidimizin məzarı üzərinə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin müdrik strategiyası və onun layiqli davamçısı cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkəmizin hərbi və iqtisadi qüdrətə yiyələndiyini qeyd edib. Tədbirdə həmçinin tarixi şərait və geosiyasi reallıqlardan məharətlə yararlanan Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, xalqımızın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağı altında qalan ərazilərimizin tamamilə azad edildiyi, vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb. İcra başçısı 2020-ci ildə baş verən 44 günlük müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilən Antiterror əməliyyatlarının dünya hərb tarixində analoqunun olmadığından bəhs edərək haliyədə Prezident İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyini, onların qarşılaşdığı bütün növ problemlərin yerindəcə aradan qaldırılması üçün əməli addımların atıldığını qeyd edib. Çıxışda şəhid Nihat Quluzadənin timsalında qəhrəmanlıq və şücaət göstərən qəhrəmanlarımızın gənc nəsil üçün hər zaman örnək olacağı da ifadə olunub.
Daha sonra Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov, şəhid anaları, N saylı hərbi hissənin zabitləri və sahibkar Ceyhun Abbasov çıxış edərək şəhid Nihat Quluzadənin keçdiyi şərəfli döyüş yolundan və bu tarixi günün əhəmiyyətindən bəhs edib, Unus kənd orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. Tədbirdə həmçinin Xudayar təsnifi və şəhid Nihat Quluzadənin xatirəsinə həsr edilən nəğmə ifa edilib.