Azərbaycanın zəngin ədəbi-bədii irsi çoxəsrlik tarixə malikdir. Bu irs xalqımızın milli kimliyinin formalaşmasında və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Azərbaycan klassik ədəbiyyatında Nizami Gəncəvi, Füzuli, Nəsimi kimi böyük şairlərin, eləcə də zəngin folklor ənənələrinin təsiri böyükdür. Şifahi xalq ədəbiyyatının ən mühüm sahələrindən biri isə aşıq ədəbiyyatıdır.
Aşıq ədəbiyyatı şifahi xalq ədəbiyyatının bir növü olaraq xalqın gündəlik həyatını, sevgi, vətənpərvərlik, qəhrəmanlıq kimi mövzuları əks etdirir. Aşıq ədəbiyyatının görkəmli nümayəndələri sırasında Aşıq Alı, Aşıq Pəri, Aşıq Ələsgər, Aşıq Qurbani kimi sənətkarlar xüsusi yer tutur. Aşıq Ələsgər (1821-1926) Azərbaycanın ən məşhur və tanınmış aşıqlarından biri kimi tanınır. O, Göyçə mahalının Ağkilsə kəndində doğulub və burada aşıqlıq sənətinin zirvəsinə çatıb. Aşıq Ələsgər yaradıcılığında məhəbbət, təbiət gözəllikləri, vətən sevgisi, insanlıq və mənəvi dəyərlər xüsusi yer tutur. Onun şeirləri xalqın gündəlik həyatını və duyğularını əks etdirərək onların sevinclərini, kədərlərini və ümidlərini təsvir edir. Aşıq Ələsgərin yaradıcılığı xalq arasında geniş yayılmış və onun şeirləri dildən-dilə ötürülərək günümüzə qədər gəlib çatmışdır. Aşıq Ələsgər, 1926-cı ildə vəfat etmişdir. Onun zəngin ədəbi irsi Azərbaycanın milli mədəniyyətinin qiymətli bir hissəsidir və bu gün də aşıqlar tərəfindən sevilərək ifa olunur.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün sərəncamlar imzalanmış, Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. 3 il öncə imzalanan sərəncamın icrasına uyğun olaraq Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışını edib. Açılış nitqində dövlət başçısı Aşıq Ələsgərin ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmasını ermənilər tərəfindən XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası ilə əlaqələndirib.
Ulu Öndər Heydər Əliyev tərəfindən də Aşıq Ələsgərin yaradıcılığına xüsusi önəm verilmişdir. Məhz onun Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi ilk illərdə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmiş, doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. XX əsrin sonlarında üçüncü deportasiya dalğası zamanı bu abidə erməni vandalları tərəfindən dağıdıldı. Erməni vandalizmi Qarabağ və Şərqi Zəngəzurda bizim maddi mədəni irsimizə qarşı əsli vəhşi simasını göstərmiş, bəşəri cinayətlər törətmişdilər.
1918, 1948-1953 və 1980-ci illərin sonlarında 3 deportasiya dalğası ilə qarşılaşan Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzuli və digər azad olunmuş ərazilərimizdə yaşanan bayram ab-havasını sözsüz ki Qərbi Azərbaycandan olan soydaşlarımız da yaşayacaqdırlar.
Dövlət başçısı çıxışında Xalq-iqtidar birliyinin əhəmiyyətindən bəhs edərək İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı, eləcə də ondan sonrakı dövrdə güclü iradə və xalqımızın əyilməz ruhunun qarşısında heç bir qüvvənin dura bilmədiyini qeyd etmiş, Suverenliyimizin tam bərpa olunmasının Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini daha da artırdığını bildirilmişdir.
Azərbaycan hərtərəfli strateji siyasət həyata keçirir. Qarşıya qoyulan hədəflər həqiqəti, ədaləti və real gücümüzü əks etdirməkdədir. Antiterror əməliyyatından keçən müddət ərzində böyük dövlətlərin və bəzi təşkilatların bizə qarşı müxtəlif beynəlxalq platformalarda əsassız ittihamlar irəli sürməsi ölkəmizin gücünü həzm etmək istəməyən qüvvələrin təhriki ilə baş verir. Azərbaycan legitim hüququndan istifadə edərək xalqın iradəsi və qəhrəmanlarının şücaəti hesabına Qarabağ və Şərqi Zəngəzuru azad edib. Qazanılan Zəfər nəticəsində ərazi bütövlüyü və suverenlik tam təmin edildi. Təqvimə 27 Sentyabr Anım Günü, 8 Noyabr Zəfər və 20 Sentyabr Suverenlik günü kimi daxil oldu.
Ölkəmiz bu gün Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Qərbi Azərbaycanlıların da yaşadığı əzəli torpaqlara qayıdışı və dağıdılan maddi-mədəni mirasın bərpa edilməsi üçün gərəkli addımları atmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi –– Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.