Aprelin 6-da Türkiyənin Antalya şəhərində 20-ci Runtalya Marafonu keçirilib. Beynəlxalq qaçış yarışında 65 ölkədən 1800-ü idmançı olmaqla, ümumilikdə 10 min iştirakçı qeydə alınıb. Tədbir çərçivəsində 5K, 10K, 21K, 42K və “10K Teams Run” kateqoriyaları üzrə yarışlar təşkil olunub.
Həmyerlimiz, atlet Əmrah Nağıyev ölkəmizi marafonun 10 kilometrlik (10K) məsafəsində təmsil edib. O, 1600-dən çox iştirakçının mübarizə apardığı bu yarışda 4-cü yeri tutub. Əmrah finişə 35 dəqiqə 36 saniyəyə çatıb.
Qeyd edək ki, beynəlxalq marafonların daimi iştirakçısı olan Əmrah Nağıyevin indiyədək ən yaxşı nəticəsi 2023-cü ilə təsadüf edir. Belə ki, atletimiz həmin il keçirilmiş 43-cü Beynəlxalq Trabzon Yarı Marafonunda 10 km məsafə üzrə 6-cı yeri tutmuş və məsafəni 40 dəqiqə 40 saniyəyə qət etmişdi.