BRİCS təşkilatı, iqtisadi əməkdaşlıq və inkişaf sahəsində əhəmiyyətli rol oynayan, dünyanın aparıcı beş ölkəsini - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən, haliyədə 9 üzvü olan beynəlxalq bir ittifaqdır. 2006-cu ildə fəaliyyətə başlayan BRİCS-in məqsədi üzv ölkələrin iqtisadi inkişafını sürətləndirmək, qlobal iqtisadiyyatda balans yaratmaq və qarşılıqlı əməkdaşlıq vasitəsilə inkişaf üçün əlverişli şərait yaratmaqdır. BRİCS həmçinin qlobal iqtisadi problemlərin həllində aktiv rol oynamağı və dünya miqyasında iqtisadi ədalətə nail olmağı hədəfləyir.
Azərbaycanın BRİCS təşkilatı ilə əlaqələri, ölkəmizin beynəlxalq əməkdaşlıq və inkişaf sahəsindəki strateji prioritetlərindən irəli gəlir. Azərbaycanın zəngin təbii resursları, geosiyasi mövqeyi və Avrasiyanın mühüm nəqliyyat qovşağı olaraq rolu, onun BRİCS üzv ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir. Bu çərçivədə, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, nəqliyyat-logistika sahələrinin inkişafı və texnoloji tərəqqi baxımından BRİCS ölkələri ilə qarşılıqlı əlaqələrini artırmağı hədəfləyir.
Ölkəmizin BRİCS ilə əməkdaşlığı, xüsusən də investisiya, energetika, infrastruktur və texnologiya sahələrində mühüm potensial daşıyır. Azərbaycanın bu təşkilatla münasibətlərinin daha da inkişaf etdirilməsi, ölkənin qlobal iqtisadi arenada rolunun gücləndirilməsi və regionda davamlı inkişafa töhfə verməsi üçün perspektivli imkanlar yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı mühim əhəmiyyət kəsb edir. Ölkə başçısı çıxış nitqində qeyd edib: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”
Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirən dövlət başçısı bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini, hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırıldığını nəzərə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrda Bakının ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağını vurğulayaraq, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarının bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutu olduğunu xatırladıb. Dövlət başçısı ölkəmizin Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstəriləcəyini bəyan edib.
XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.