Azərbaycan Enerji Təhlükəsizliyinin Qlobal Mərkəzinə Çevrilir

   2025-ci il aprel ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkənin, 7 beynəlxalq maliyyə institutunun və 42 enerji şirkətinin nümayəndələri iştirak ediblər. Toplantıda nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər yer alıblar.

   Tədbirin açılışından sonra iş sessiyaları "Nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi: uğurlu istismar, inkişaf və növbəti addımlar" və "Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri" adlı plenar sessiyalarla davam etdirilib. Eyni zamanda, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə-Nazirlər Görüşü və Azərbaycan-Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlığa dair mühüm sənədlər də imzalanıb. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk iclası 2015-ci ilin fevral ayında keçirilib və bu format artıq etibarlı beynəlxalq əməkdaşlıq platformasına çevrilib.

   Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev toplantının mühüm regional və qlobal əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfə Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanan və Avropa Komissiyası tərəfindən dəstəklənən bu təşəbbüs enerji təhlükəsizliyi sahəsində birgə səylərin əlaqələndirilməsində mühüm rol oynayır. Dövlət başçısı əməkdaşlığın getdikcə genişləndiyini, bu prosesdə iştirak edən ölkə və şirkətlərin sayının artdığını qeyd edib.

   Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsi yalnız qarşılıqlı əməkdaşlıq sayəsində mümkündür. Enerji təhlükəsizliyi, onun sözlərinə görə, bu gün milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrilib və bu sahədə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında balansın qorunması vacibdir. Bu əməkdaşlıqda beynəlxalq maliyyə institutlarının dəstəyi də mühüm rol oynayıb.

   Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyindən bəhs edən ölkə başçısı qeyd edib ki, ölkənin təbii qaz ixracı son illərdə əhəmiyyətli dərəcədə artıb. Ölkəmiz bu gün 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə təbii qaz ixrac edir. Avropa Komissiyası ilə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Avropaya qaz ixracı təxminən 60 faiz artaraq 13 milyard kubmetrə çatıb və bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir.

   Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizinin uğurla istismarı və genişləndirilməsi üçün birgə səylər vacibdir. Hazırda bu sistem 3500 km uzunluğunda boru kəməri infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır. Gələcəkdə bu sistemin genişləndirilməsi üçün maliyyə resurslarının səfərbər olunması zərurəti də önə çəkilib.

   Dövlət başçısı çıxışında neft və qaz hasilatında yeni mərhələyə qədəm qoyulacağını və xüsusilə "Azəri-Çıraq-Günəşli" Dərin Qaz Strukturu və "Abşeron" yatağında hasilatın artırılması istiqamətində konkret addımlar atıldığını qeyd edib. Bu layihələrin həyata keçirilməsinin Azərbaycanın qaz təchizatında mövqeyini daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

   Yaşıl enerji gündəliyindən danışan Prezident İlham Əliyev bildirib ki, bərpaolunan enerji sahəsində atılan addımlar təkcə ətraf mühitin qorunmasına deyil, həm də ölkənin qaz ehtiyatlarına qənaət edərək ixrac potensialını artırmağa xidmət edir. 2030-cu ilə qədər günəş və külək enerjisi üzrə 6,5 giqavatlıq gücün yaradılması planlaşdırılır. Bu sahədə artıq bir sıra investisiya müqavilələri imzalanıb və işlər sürətlə davam etdirilir.

   Dövlət başçısı Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya çəkilməsi nəzərdə tutulan “yaşıl kabel” layihəsinin də müzakirə olunduğunu qeyd edib.  Layihənin texniki əsaslandırma mərhələsinin son mərhələdə olduğu və maliyyələşmə ilə bağlı danışıqların yaxın zamanda başlanacağı bildirilib.