Azərbaycan – Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir

     Azərbaycan Cənubi Qafqaz regionunda lider statusa malik olan, beynəlxalq aləmdə nüfuzunu hər keçən gün artıran bir ölkə mövqeyinə yüksəlmişdir. Yerləşdiyi ərazinin strateji mövqeyi ölkənin zəngin təbii resursları, güclü iqtisadiyyatı və uğurlu xarici siyasət kursu ilə sıx bağlıdır. Ölkəmiz enerji sektorunda qlobal layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın dinamik şəkildə inkişaf edən iqtisadiyyatı, humanitar sahədə təşkil etdiyi beynəlxalq tədbirlər və dünya birliyində artan rolu ölkənin qlobal səviyyədə mövqelərinin möhkəmlənməsinə şərait yaradır. Həmçinin müasir beynəlxalq münasibətlər sistemində balanslı və sülhpərvər siyasət yeridərək, regionda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Azərbaycanın iştirakı ilə keçirilən beynəlxalq tədbirlər və təşəbbüslər, xüsusilə də iqtisadi və enerji sahəsində olan əməkdaşlıq platformaları, ölkənin qlobal miqyasda güclənən nüfuzunun bariz nümunəsidir.

     Son illər Cənubi Qafqazın iki qonşu dövləti, Azərbaycan və Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Hər iki ölkə arasında tarixi, mədəni və iqtisadi bağlar mövcuddur ki, bu da onların əməkdaşlığını daha da dərinləşdirir. Enerji və nəqliyyat sektorlarında birgə həyata keçirilən layihələr bu əlaqələrin təməlini təşkil edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu əməkdaşlığın ən bariz nümunələridir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də regionun iqtisadi inkişafı və qlobal inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan-Gürcüstan münasibətləri humanitar və mədəni sahələrdə də inkişaf edir. Hər iki ölkə arasında qarşılıqlı səfərlər, ortaq mədəni layihələr və təhsil sahəsində əməkdaşlıq xalqlar arasında dostluq münasibətlərini daha da gücləndirir. Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü icması da iki ölkə arasında mədəni körpü rolunu oynayır. Azərbaycan-Gürcüstan əlaqələri strateji əməkdaşlıq formatında davam edərək regionda sabitlik, tərəqqi və təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayır.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə son səfəri və Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanat iki dövlət arasında olan sıx münasibətləri bir daha təsdiq etmişdir. Dövlət başçısı çıxışında qeyd edib: – Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var.  Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.  Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

     İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır;

    Orta Dəhliz hər iki ölkənin mənafeyinə uyğundur. Bu gün, Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.

     Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Dövlət başçılarının, hökümət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri  həmçinin Parlamentlərarası işçi qrupunun fəaliyyəti dövlətlər arasında münasibətlərin daha da güclənməsinə xidmət etmiş, bugünədək iki ölkə arasında 123 sənəd imzalanmışdır.