1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, idman sahəsi də yeni inkişaf dövrünə qədəm qoydu. Onun rəhbərliyi ilə milli idman hərəkatının inkişafına xüsusi diqqət ayrıldı. Ümummilli Lider Heydər Əliyev idmanın təkcə fiziki sağlamlıq deyil, həm də milli ruhun yüksəldilməsi, gənclərin düzgün formalaşması və Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün mühüm vasitə olduğunu daim vurğulayırdı. İdmançılarımıza göstərilən qayğı, onların beynəlxalq yarışlarda iştirakı üçün yaradılan şərait, eləcə də ölkəmizdə idman infrastrukturunun yaradılması bu sahədə atılan mühüm addımlar idi.
Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanın idmanını dünya miqyasında tanıdan böyük nailiyyətlərə imza atmışdır. Onun rəhbərliyi ilə ölkəmizdə müasir idman infrastrukturunun genişləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Sarayı kimi möhtəşəm idman obyektləri istifadəyə verilmiş, respublikanın müxtəlif bölgələrində olimpiya idman kompleksləri inşa edilmişdir. Bu obyektlər həm yerli, həm də beynəlxalq səviyyəli yarışların keçirilməsində mühüm rol oynamışdır.
Azərbaycan artıq dəfələrlə Avropa və dünya səviyyəli idman tədbirlərinə ev sahibliyi etmişdir. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də Formula 1 yarışlarının Bakıda təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunu artırmışdır. Bundan əlavə, gənc idmançılarımızın dünya və Avropa çempionatlarında qazandığı uğurlar ölkənin idman siyasətinin yüksək effektivliyindən xəbər verir. Eyni zamanda, idman sahəsi yalnız peşəkar səviyyədə deyil, həm də kütləvi şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə sağlam həyat tərzinin təbliği, uşaqlar və yeniyetmələr arasında idmana marağın artırılması, paralimpiya idmançılarının dəstəklənməsi istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. Bu gün Azərbaycan idmançılarının Olimpiya və Paralimpiya Oyunlarında qazandığı medallar onların həm fiziki, həm də mənəvi baxımdan hazırlıqlı və güclü olduqlarını nümayiş etdirir.
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı ölkədə idman sahəsində olan tərəqqini bir daha əyani şəkiildə sübut etdi. Dövlət başçısı çıxışında qeyd edib: " Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır”.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə yanaşı hərbi hazırlıq və fiziki hazırlığın da vacib olduğunu qeyd edən ölkə başçısı daha sonra deyib: ” Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu”.
Gələn il Üçüncü MDB Oyunlarının Azərbaycanda keçiriləcəyini bildirən Prezident İlham Əliyev daha sonra qeyd edib: Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi;
Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər. Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.
Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”.