Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

     Azərbaycanın kiçik ada dövlətlərinə və neokolonial siyasətdən əziyyət çəkən ölkələrə göstərdiyi dəstək, ölkəmizin beynəlxalq arenada ədalətin və suverenliyin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ölkəmiz qlobal arenada məhz bu prinsiplər üzərində xarici siyasət yürüdərək, haqsızlığa və ədalətsizliyə qarşı çıxır, kiçik və müdafiəsiz dövlətlərin hüquqlarının təmin olunmasını əsas prioritetlərindən biri hesab edir. Bu dəstək Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqedən də aydın şəkildə görünür. Azərbaycan BMT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda çıxış edərək, öz milli maraqları ilə yanaşı, digər inkişaf etməkdə olan ölkələrin də haqlı mövqelərini müdafiə edir. Xüsusilə, neokolonializm təsirində olan dövlətlərin iqtisadi, sosial və mədəni baxımdan inkişafının dəstəklənməsi, Azərbaycanın xarici siyasətində xüsusi əhəmiyyət kəsb edir.

      Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, bütün dövlətlər, onların coğrafi ölçüsündən və ya iqtisadi imkanlarından asılı olmayaraq, bərabər hüquqlara malikdir. Bununla yanaşı, Azərbaycan kiçik ada dövlətləri və digər neokolonial siyasətdən zərər çəkən ölkələr üçün xüsusi proqramlar və layihələr həyata keçirməkdədir. Bu layihələr çərçivəsində həmin dövlətlərə iqtisadi yardımlar, texniki dəstək və digər sahələrdə köməklik göstərilir. Ölkəmiz, həmçinin, bu dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına da töhfə verir, onlara bərpa olunan enerji sahəsində təcrübələrini paylaşır və ekoloji dayanıqlıq üçün birgə səylərə çağırır. Ölkəmizin kiçik ada dövlətlərinə və digər inkişaf etməkdə olan ölkələrə olan dəstəyi, onun qlobal miqyasda həmrəylik və sülh ideallarına sadiq qalmasının əyani sübutudur.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı bu qəbildən mühim əhəmiyət kəsb etmişdir. Dövlət başçısı çıxışında inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimizin yeni, daha yüksək səviyyəyə qalxdığını bildirib. Prezident İlham Əliyev daha sonra qeyd edib: “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

      Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.

Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərlərinin ölkəmizə səfər etdiyini diqqətə çatdıran dövlət başçısı, qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edildiyini və əlçatan iqlim maliyyəsinin vacibliyi vurğulayıb. “Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır”.

      Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz ərazilərinin iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olduğunu qeyd edən Prezident İlham Əliyev artan dəniz səviyyəsinin, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulmasının həmin regionlara ciddi təhlükə yaratdığını nəzərə çatdıraraq həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğundan bəhs edib. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları  bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır”.

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi  Cozep Borrellin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırmasına cavab olaraq məntiqlə Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından heç bir gözləntinin olmaması gərəkdiyini bildirib. Dövlət başçısı daha sonra qeyd edib:Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.