Azərbaycan Konstitusiyası – Dövlətin Hüquqi Təməli

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan dövlətinin hüquqi əsaslarını, demokratik idarəetmə prinsiplərini və vətəndaşların hüquq və azadlıqlarını təmin edən mühüm tarixi gündür. Konstitusiya hər bir dövlətin əsas qanunu olaraq, onun idarə olunması və vətəndaşların hüquqlarının qorunması üçün təməl rol oynayır. Azərbaycanda hüquqi sahədə ilkin addımlar 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinə qədər uzanır. Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk dəfə olaraq müstəqil bir dövlət kimi tanınması ilə yanaşı, demokratik prinsiplərə əsaslanan dövlət quruluşu formalaşdırılmağa başlandı. Lakin 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə sovet qanunvericiliyinə tabe edildi. Bu dövrdə Azərbaycan Sovet Sosialist Respublikası konstitusiyaları qəbul edildi və tətbiq olundu.

       Sovet İttifaqının dağılması və Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini əldə etməsi ilə yeni bir qanunvericilik dövrü başladı. 1995-ci ildə isə müasir Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya demokratik idarəetmənin əsaslarını, qanunun aliliyini, vətəndaş hüquq və azadlıqlarını təmin edən əsas prinsipləri təsbit etdi. Həmçinin, həmin dövrdən başlayaraq qanunvericilik prosesi davamlı olaraq təkmilləşdirildi və ölkənin inkişafına uyğun yeni hüquqi tənzimləmələr əlavə edildi.

Azərbaycan Respublikasının Konstitusiyasına müxtəlif dövrlərdə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsasən demokratik prinsipləri gücləndirmək, insan hüquq və azadlıqlarını daha da genişləndirmək və ölkənin iqtisadi və sosial inkişafını təmin etmək məqsədilə həyata keçirilib.  2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları vasitəsilə Konstitusiyaya mühüm əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər nəticəsində dövlətin idarəetmə sistemində, sosial-iqtisadi hüquqlarda və demokratik proseslərin inkişafında yeni mexanizmlər tətbiq olundu.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının prinsipləri vətəndaşların hüquqlarının və dövlətin suverenliyinin qorunması istiqamətində əhəmiyyətli rol oynayır. 12 noyabr Konstitusiya Günü, həm dövlətin hüquqi inkişaf yolunu xatırlamaq, həm də qanunvericilik və demokratik dəyərlərin əhəmiyyətini vurğulamaq üçün mühüm bir gündür. Bu gün Azərbaycanın demokratik, hüquqi və sosial dövlət kimi inkişafının təməli olan Konstitusiyaya və onun gətirdiyi dəyərlərə dərin hörmətlə yanaşmağın simvoludur.

     Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və konstitusiyalı hüquqi dövlətin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu misilsizdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın hüquqi əsaslarını təsbit edən tarixi bir sənəd olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə hazırlanan bu Konstitusiya Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında qurulması və inkişafını təmin edən əsas qanun kimi öz mühüm yerini tutmuşdur.

        Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qanunvericilik sahəsində islahatlar davam etməkdədir. Dövlət başçısının apardığı siyasi kurs və hüquqi sahədə islahatlar nəticəsində ölkənin qanunvericilik bazası daha da təkmilləşdirilmişdir. Bu dəyişikliklər ölkənin inkişaf dinamikasına uyğun olaraq qanunvericilik sisteminin müasir tələblərə cavab verməsini və vətəndaşların hüquq və azadlıqlarının daha geniş təmin olunmasını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi islahatlar davam etdirilir və demokratik inkişaf istiqamətində yeni addımlar atılmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, 12 noyabr Konstitusiya Günü müasir Azərbaycan dövlətinin inkişaf yolunu əks etdirən əlamətdar bir gün olaraq hər zaman xatırlanacaq və qeyd olunacaqdır.