Azərbaycan Ordusu – Qürur Mənbəyimiz və Güvənc Yerimiz

Hər bir dövlətin müstəqilliyinin təminatçısı onun güclü ordusudur. Azərbaycanın Silahlı Qüvvələri isə təkcə hərbi qüvvə deyil, eyni zamanda xalqın milli qürurunun, dövlətin suveren iradəsinin və ərazi bütövlüyünün təminatçısı kimi çıxış edir. Hər il 26 iyun tarixində ölkəmizdə böyük təntənə ilə qeyd olunan Silahlı Qüvvələr Günü də məhz bu həqiqəti bir daha təsdiqləyir. Bu gün, Azərbaycan əsgərinin şücaətini, zabitlərimizin fədakarlığını və Ali Baş Komandanın rəhbərliyi altında əldə olunmuş misilsiz uğurları dəyərləndirməyə, keçilən şərəfli yolu xatırlamağa imkan verir.

Müasir Azərbaycan Ordusunun təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən etibarən hərbi kadrların hazırlanması məsələsini milli təhlükəsizlik baxımından prioritet sahəyə çevirən Ümummilli Lider, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması ilə bu sahədə ciddi dönüş yaratdı. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almaq imkanına sahib oldu. Bu, müstəqillik dövründə milli zabit korpusunun formalaşmasında həlledici rol oynadı. Müstəqilliyin ilk illərində yaşanan ağır böhranlar və siyasi qeyri-sabitlik ordunun təşkilatlanmasına ciddi maneələr yaratdı. Lakin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğuna xüsusi önəm verərək, silahlı dəstələrin tərksilah olunması və vahid komandanlığa tabe olan hərbi sistemin qurulmasına nail oldu. Məhz bu addımların nəticəsində 1994-cü il atəşkəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin əsasları möhkəmləndirildi.

Ulu Öndərin başladığı ordu quruculuğu strategiyası bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son iki onillikdə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Orduya ayrılan vəsaitin davamlı şəkildə artırılması, hərbi təhsil sisteminin təkmilləşdirilməsi, yerli hərbi sənaye kompleksinin yaradılması, ən müasir silah və texnikalarla təchizat bu sahədə əldə olunmuş nailiyyətlərin başlıca göstəriciləridir. 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə bu strategiyanın parlaq nəticəsidir. Dövlət başçısının illər boyu səsləndirdiyi və xalqda böyük inamla qarşılanan fikirlər – "Əgər danışıqlar nəticə verməzsə, məsələni hərbi yolla həll edəcəyik" – 2020-ci ilin payızında reallığa çevrildi. Azərbaycan Ordusu təkcə işğala son qoymadı, eyni zamanda bütün dünyaya öz gücünü, birliyini və Vətənə olan sonsuz sədaqətini nümayiş etdirdi. 1998-ci ildə 26 iyunun Silahlı Qüvvələr Günü kimi təsbit olunması ilə bu tarix dövlətçilik salnaməmizdə əbədi yer aldı. 2017-ci ildə qəbul olunan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun isə ordu quruculuğunun hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Beynəlxalq əməkdaşlıq, xüsusilə NATO ilə əlaqələr də Azərbaycan Ordusunun inkişafına təkan verdi. “Sülh naminə tərəfdaşlıq”, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” kimi proqramlar çərçivəsində minlərlə hərbçimiz müasir təcrübəyə yiyələnərək Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşmasına töhfə verdi. 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci ilin Zəfər salnaməsi – bütün bunlar Azərbaycan Ordusunun getdikcə artan döyüş qabiliyyətinin və peşəkarlığının bariz nümunələridir. Bu uğurlar bir daha sübut edir ki, xalqla ordunun birliyi, Ali Baş Komandanın iradəsi və əsgərin sədaqəti müstəqilliyimizin və ərazi bütövlüyümüzün ən möhkəm sütunlarıdır. Azərbaycan Ordusu bu gün həm regionun, həm də beynəlxalq müstəvidə sülhə və sabitliyə töhfə verən qüdrətli bir qüvvədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna göstərilən yüksək diqqət nəticəsində Silahlı Qüvvələrimiz təkcə milli müdafiə sistemi deyil, həm də beynəlxalq humanitar və sülhməramlı missiyalarda etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın müasir tarixində dönüş nöqtəsi oldu. Düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusu heç bir döyüşdə geri çəkilmədi, xalqımızın əzmini, dövlətimizin iradəsini və hərbçilərimizin rəşadətini nümayiş etdirərək beş şəhər, dörd qəsəbə və üç yüzə yaxın kəndi azad etdi. Müharibənin 44-cü günündə – 2020-ci il noyabrın 10-da Azərbaycanın siyasi və hərbi qələbəsi rəsmi sənədlə təsdiq olundu. Prezident İlham Əliyevin diplomatik qətiyyəti və Ordumuzun müzəffər yürüşü nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, həm də bölgədə yeni geosiyasi reallığın başlanğıcı idi.

2023-cü il sentyabrın 19-da başlanmış lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqəyə separatçılığı, qeyri-qanuni silahlı birləşmələri və qanunsuz rejimi tarixə gömdü. Ermənistan silahlı qüvvələrinin mövqeləri və hərbi obyektləri dəqiq zərbələrlə sıradan çıxarıldı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu, konstitusiya quruluşu bütün Qarabağda təmin edildi.  Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş 15 yeni medal və iki orden – “Qarabağ” və “Zəfər” – həm şücaətin, həm də dövlətin qəhrəmanlara verdiyi dəyərin təzahürüdür. Bu mükafatlar Vətən Müharibəsinin rəmzinə çevrildi.

Döyüşlərin gedişində Azərbaycan Ordusunun tətbiq etdiyi müasir döyüş taktikaları dünyanın hərbi məktəblərində öyrənilməyə başladı. ABŞ Hərbi Akademiyası, Pentaqon və digər nüfuzlu hərbi qurumlar Azərbaycanın bu sahədəki uğurlarını araşdırma obyektinə çevirdi.  2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradı Azərbaycan-Türkiyə qardaşlığının və hərbi-siyasi birliyin təntənəsinə çevrildi. Hərbi texnika ilə yanaşı, azad edilmiş torpaqlarda ucaldılmış bayraqlarımız da nümayiş etdirildi. Bu parad həm də düşmənə verilən son və tarixi dərs idi.

Bu gün azad olunmuş ərazilərdə Zəfər və İşğal muzeyləri inşa edilir. Azərbaycan xalqı dağıdılmış yurd yerlərində həyatın bərpası üçün böyük ruh yüksəkliyi ilə çalışır. Qələbə yalnız hərbi deyil, həm də milli dirçəlişin başlanğıcı oldu. Müharibənin dərsləri əsasında Azərbaycan Ordusunda yeni tipli – Komando hərbi hissələri yaradıldı. Bu birləşmələr dağlıq ərazilərdə yüksək döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarındadır. Müzəffər Ali Baş Komandanın xüsusi vurğuladığı kimi, bu briqadalar Ordunun döyüş gücünü ikiqat artırır. Bu sistem peşəkar hərbi heyətin formalaşmasına, çevik və effektiv zabitlərin yetişdirilməsinə imkan yaradır. Türkiyə modeli əsasında formalaşdırılan Milli Müdafiə Universiteti Azərbaycan Ordusunun gələcəyinin təməlidir. Bu universitet və onun tabeliyində olan qurumlar müasir, peşəkar və vətənpərvər kadrların hazırlanmasına xidmət edir. Dövlət tərəfindən hərbi təhsilə marağın artırılması üçün ciddi maliyyə stimulları və sosial dəstək tədbirləri həyata keçirilir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin modernləşdirilməsi, birgə təlimlər və texnoloji əməkdaşlıq bu bəyannamənin əsasını təşkil edir. Bu sənəd yalnız iki dövlətin deyil, bütün türk dünyasının təhlükəsizliyinə xidmət edən müttəfiqlik manifestidir. Azərbaycanın müdafiə sənayesində İsraillə əməkdaşlığı müasir texnologiyalara çıxış imkanını genişləndirir. Pakistan isə siyasi və mənəvi dəstəklə yanaşı, hərbi sahədə də etibarlı tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə gənclərin hərbi təhsilə cəlbi üçün dövlət tərəfindən təqaüdlər, güzəştli ipoteka imkanları və sosial dəstəklər təsis edilib. Bu tədbirlər Azərbaycan Ordusunun sabahını formalaşdıran strateji yanaşmadır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Biz bu gün Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu istiqamətdə atılan hər bir addım Azərbaycanın gücünü nümayiş etdirir.”