Andiçmə mərasimindəki nitqində Türk Dövlətləri Təşkilatını Azərbaycan üçün əsas beynəlxalq qurum, ailə təşkilatı adlandıran ölkə Prezidenti İlham Əliyev bu təşkilatın bütün üzvləri ilə bərabər qardaşlıq prinsiplərinə söykənən əməkdaşlığın həyata keçirilməsinə mühüm önəm verir. Geosiyasi orientasiyada məhz Türk dövlətlərinə etimadın göstərilməsi Azərbaycan dövləti tərəfindən ulu əcdadlarının irsinə və tarixi yaddaşa göstərilən sədaqətin bariz nümunəsidir. Qeyd edilən nüanslar xarici siyasət doktrinasında Azərbaycanın əsas prinsip halına gətirdiyi müddəaları əks etdirir.
24 aprel 2024-cü tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri Türk dünyasının ümumi əməkdaşlığına verilən töhfədir. Ölkə başçıları keçirilən ikitərəfli görüşün və imzalanan sənədlərin ardınca mətbuata səmimi açıqlamalar veriblər. Dövlətlərarası Şuranın ikinci iclasının müvəffəqiyyətlə yekunlaşması və bütün istiqamətlərdə əldə edilən razılaşmalar ölkələrin daha da yaxınlaşmasına səbəb olan amillərdir. Qarşılıqlı səfərlər və ardıcıl diplomatik təmaslar birgə fəaliyyətin təzahürü olmaqla yanaşı münasibətlərdə yeni səhifə açır. Çindən başlayan geniş nəqliyyat dəhlizinin Orta Asiya və Xəzər regionu vasitəsilə Avropa bazarlarına çatdırılmasında hər iki dövlətin strateji əhəmiyyəti danılmazdır. Bu dəhliz vasitəsilə hər iki dövlət tranzit rolunu oynamaqla yanaşı, həm də öz daxili resurslarının da bu kommunikasiya yolları vasitəsilə ixracına nail olacaq.
İki dövlət arasında ticarət dövriyyəsi nəzərəçarpacaq qədər artıb. Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondunun həcmi 100 milyon dollara çatmışdır. Yaxın gələcəkdə bu rəqəmin daha da artması yönündə işlər görülür. Əməkdaşlıqda investorların turizm sahəsinə yatırımları da əhəmiyyət daşıyır. İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılması buna əyani sübutdur. Qarşılıqlı olaraq Qırğızıstan da digər qardaş türk dövlətlərindən geri qalmayaraq Azərbaycanda elmyönümlü tikintilərin həyata keçirilməsinə vəsait qoyub. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunda orta məktəbin tikintisinin Qırğızıstan dövlətinin daxili imkanları hesabına həyata keçirilməsi xalqımız tərəfindən minnətdarlıqla qarşılanıb. Humanitar əlaqələr təkcə təhsil sahəsi ilə yekunlaşmayıb, həmçinin yaxın zamanda Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi də nəzərdə tutulub. Qırğız xalqının tanınmış yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı mədəni əlaqələrə böyük töhfədir.
Hər iki dövlət müxtəlif yönümlü enerji layihələrində əməkdaşlığa, nəqliyyat strukturunun müasir standartlara uyğun yenilənməsinə önəm verir. Əsas məqsəd Xəzər-Mərkəzi-Avropa marşrutunu məsafə və kommersiya cəlbediciliyi baxımından əlverişli etməkdir. Bütün sferalarda əməkdaşlığa nail olunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə addımlar atılmaqdadır.
Azərbaycan-Qırğızıstan arasında 24 aprel tarixində hüquq, səhiyyə, energetika, sosial innovasiyalar və rəqəmsal xidmət, gömrük, elm-təhsil, miqrasiya, vergi və s. sahələr üzrə dövlətlərarası rəsmi sənədlər imzalanmışdır.
24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində hər iki dövlətin liderləri də iştirak edib. Prezident İlham Əliyev öz çıxışında bu abidənin açılışı ilə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacağını qeyd edib. Yazıçının yaradıcılıq fəaliyyəti dövründə nəinki keçmiş SSRİ, həm də bütün dünyada sevilən bir qələm ustası olduğunu dilə gətirilib. Azərbaycanda əhali arasında əksəriyyət tərəfindən sevilən yazıçı olmasının təməlində Çingiz Aytmatov yaradıcılığında vətəndaş mövqeyi, milli ruh və köklərinə sadiqlik prinsiplərinin olması əsas yer tutur. Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməsi Çingiz Aytmatovun ölkələrarası münasibətlərə göstərdiyi xidmətin qarşılığıdır. Yazıçının Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Çingiz Aytmatov təkcə Qırğızıstanın deyil, bütün Türk dünyasının layiqli övladı və fəxridir.
Qırğızıstanda SSRİ zamanında repressiyalar ilə üzləşərək doğma vətənlərindən bu ərazilərə sürgün olunan soydaşlarımızın 20 minə yaxın davamçısı yaşamaqdadır. Əsasən Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində məskunlaşan həmyerlilərimiz ikili əlaqələrin inkişafında öz xidmətlərini əsirgəmirlər.
Ümummilli Lider Heydər Əliyev müstəqillik əldə ediləndən sonra iki dövlət arasında yaxın münasibətlərin əsasının qoyulmasında mühüm işlər görüb. 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana edilən səfər, eləcə də 2007-ci ildə Azərbaycanın Qırğızıstanda, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliklərinin başlaması Ulu Öndərin siyasi fəaliyyətində atılan mütərəqqi addımlardan biridir.