07 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində 92,12 faiz səslə qalib gələn cənab İlham Əliyevin fevral ayının 14-də Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mərasim iştirakçıları tərəfindən gur alqışlarla qarşılanıb. Andiçmə mərasimi açıq elan olunduqdan sonra Silahlı Qüvvələrin əsgərləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı təntənə ilə səhnəyə gətirilib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mərasimdə çıxış edərək bildirib ki, Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyasına və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən, Prezident İlham Əliyev təzim edərək Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdükdən sonra andiçmə mərasimində nitq söyləyib.
Nitqində Prezident seçkilərində yenidən göstərilən yüksək etimad və dəstəyə görə Azərbaycan xalqına təşəkkür edən cənab Prezident bundan sonra da ölkənin hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorunub saxlanması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Qeyd edib ki, 2003-cü ildə ilk dəfə Prezident seçilərkən xalqa verilən bütün vədlər yerinə yetirilib, bir yumruq kimi birləşərək bütün çətinliklərdən, problemlərdən alnıaçıq, üzüağ çıxılıb. Əlbəttəki, əldə olunan nailiyyətlərin mənbəyi Azəbaycan xalqı, onların inamı, vahid amal ətrafında birləşmə bacarığıdır. Biz bütün dünyaya sübut etdik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan özümüz həll edirik.
Cənab İlham Əliyev verdiyi vədlər sırasında ilk növbədə ölkənin ərazi bütövlüyünün bərpasının olduğunu qeyd edərək Azərbaycan xalqının şanlı tarixi olan İkinci Qarabağ müharibəsindən, 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın edərək əldə etdiyimiz Qələbədən, tarixi ədalətin bərpa olunmasından, Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha nümayiş etdirən 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatından danışaraq Allahdan bütün şəhidlərimizə rəhmət diləyib. Vurğulayıb ki, biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağdayıq, qururuq, yaradırıq.
Ölkə Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə, özünün və ailə üzvlərinin səsvermə günü Xankəndinə gedərək orada səs vermələrinə toxunaraq bildirib ki, bu, tarixi hadisədir və müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi, orada verdiyim səs, o qutuya attığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nitqində qeyd edib ki, indi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Son illərin tarixi onu göstərdi ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edilib. Bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş, birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə də böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Artıq Azərbaycanın önəmi artıb, dünyada oynadığı rolu artıb.
Ölkə Prezidenti vurğulayıb ki, növbəti önəmli mərhələ Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Burada görülən işlər azad edilən torpaqlara ayaq basan hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra işlərin belə sürətlə aparılması, yəqin ki, tarixdə görünməmiş hadisədir. Bütün bunlara isə günü-gündən güclənən iqtisadiyyatımızın sayəsində nail oluruq. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Xarici siyasət daxili siyasətin davamıdır. Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq. Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.