Azərbaycan Respublikasının Mərkəzi Asiyada yerləşən dövlətlər ilə, xüsusən də Qazaxıstan Respublikası ilə əlaqələri yüksək səviyyədə qurulub. 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bu əlaqələrin daha da yüksəldilməsi və inkişafına öz töhfəsini verib. Prezidentlər iki qardaş xalqın mətbuat nümayəndələrinə verdikləri bəyanatda da regionda ictimai-siyasi və sosial-iqtisadi proseslər haqqında son dəyərləndirmələr aparıblar.
Qazaxıstanın Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaş olmaqla yanaşı son illlər ərzində hər iki dövlət başçısının dəfələrlə qarşılıqlı səfərlər etməsi bu əlaqələrə öz müsbət təsirini göstərib. Qazaxıstan Respublikası Azərbaycanın işğaldan azad edilən ərazilərinə yatırımlar edərək dağıdılmış ərazilərin dirçəldilməsində mühüm paya malikdir. 12 mart tarixində bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı buna bariz nümunələrdən biridir. Həm işğal, həm də post-münaqişə dövründə Qazaxıstanın ərazi bütövlüyü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi dəstək qürurvericidir.
Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı məmnunluq doğuran amillərdəndir. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət kollektiv qurumlarda olan koordinasiyalı əlaqələrin qurulmasında əsas rola malikdir. Sosial-iqtisadi əlaqələrin inkişafı, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi və tranzit mövqe təkcə iki ölkənin deyil, regionda olan bir çöx ölkənin ümumi maraqlarına xidmət edir və körpü rolunu oynayır. TransXəzər nəqliyyat dəhlizi bu baxımdan mühüm əhəmiyyətli layihədir. Nəqliyyat infrastrukturumuzun beynəlxalq standartlara cavab verməsi üçün son texnoloji nailiyyətlərdən istifadə edilir. Hər iki dövlət daxilində olan dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları yenilənələrək irimiqyaslı nəqliyyat layihələri həyata keçirilməsində əsas baza rolunu oynayır.
Səfər çərçivəsində ölkə başçıları martın 11-də Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində də iştirak ediblər. Mərasim çərçivəsində “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş” və digər strateji məsələləri ilə əlaqədar sənədlər imzalanıb.
Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlər zəminində daha da yüksək perspektivə malikdir. Qarşılıqlı səfərlər ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarır. Tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Qazaxıstanda yaşayan iki yüz minə qədər azərbaycanlı bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
1992-ci il avqustun 30-da qurulan diplomatik əlaqələr 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında Azərbaycanın bu ölkədə səfirliklərinin fəaliyyətə başlaması, eləcə də 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğunun açılması bu münasibətlərə yeni nizam verib.
Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanla Qazaxıstan arasında bugünədək 150-yə yaxın sənəd imzalanıb. Təkcə son 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb.
İkitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Səmərəli əməkdaşlıq mühiti, neftin emalı və tranziti, ticari münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.