Cənubi Qafqazda dominant gücə malik olan Azərbaycan Respublikası regionun digər ölkələri ilə də yaxın qonşu və sülhə əsaslanan münasibətlərin formalaşmasında hər zaman maraqlı olmuşdur. Xeyli sayda etnik azərbaycanlının yaşadığı Gürcüstanla əlaqələr də bu qəbildəndir. Müstəqillik əldə etdikdən sonra hər iki respublika strateji məsələlərdə daim bir-birinin yanında olmuş, hər iki dövlətə xas separatizm probleminin aradan qaldırılmasında beynəlxalq platformalarda qarşılıqlı olaraq dəstəkçi rolunu oynamışlar. Cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin mətbuata verdikləri bəyanat da qeyd edilənləri təsdiq edir.
Bəyanatda münasibətlərin dərin tarixi köklərə əsaslandığını bildirən dövlət başçısı əsrlər boyu xalqların dostluq və mehriban qonşuluq şəraitində yaşadığını, dövlətlərarası münasibətlərin möhkəm zəmin üzərində qurulduğunu ifadə etdi. Həyata keçirilən infrastruktur layihələrinin böyük əhəmiyyət kəsb etdiyi və davamlı olacağı diqqətə çatdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun çox yaxın zamanda genişləndirilmiş formada fəaliyyətə başlamasını böyük nailiyyət olaraq qiymətləndirdi.
Cənab İlham Əliyev Gürcüstanın da Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarlarından biri olduğunu, Azərbaycan qazının Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edildiyini nəzərə çatdırdı. Vurğuladı ki, xarici ölkələrin Azərbaycanın enerji resurslarına olan tələbatının ildən-ilə artması, Azərbaycan qazını alan ölkələrin sayının 8-ə çatdığı, yaxın gələcəkdə bu ölkələrin sayının daha da artması gözlənilir. Etibarlı dost kimi Gürcüstanın tranzit imkanları genişdir. Gürcüstan ilə Azərbaycan daim iki etibarlı tərəfdaş kimi çıxış edir. Yaşıl enerji layihələrinin icrasında Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı fəaliyyətə imza atacaqlar. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olaraq göstərilir. Gürcüstan və Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və texniki-iqtisadi əsaslandırma üzərində çalışılaraq praktiki addımlar atılacaqdır. İki dövlət arasında olan ticarət dövriyyəsi 15 faiz artaraq artıq 900 milyon dollara yaxınlaşıb, investorlarımız Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyub.
Ölkə başçısı qeyd edib ki, hər iki dövlətin rəsmi şəxsləri dəfələrlə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyən açıqlamalar verib, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəkləyib, bundan sonra da bu dəstək davam edəcəkdir. Uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilirik ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur ki bu yol da tamamilə qanunidir.
Gürcüstanın Baş nazirinin səfərinin böyük əhəmiyyət daşıdığını bidirən cənab Prezident iki qardaş xalq və qardaş ölkənin bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedərək qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. İki ölkə arasında 1992-ci il noyabrın 18-də qurulan diplomatik münasibətlərin 2022-ci ildə 30-cu ildönümü qeyd olunub. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələrin inkişaf etdirilməsində böyük rol oynayıb. Ölkələrimiz arasında bugünədək 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi, 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri yüksəkdir. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verərək Gürcüstanın yanında olub və bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Haliyədə Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır ki, onlardan 533-nün fəaliyyəti aktivdir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırır. Ölkələrarası əlaqələrin inkişaf dinamikası onu deməyə əsas verir ki, bu münasibətlər gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.