Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad-Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə ərazi imkanlarını nəzərdən keçiriblər. Körpünün koordinatlarının müəyyənləşdirilməsi və texniki parametrləri ilə bağlı təkliflər dinlənilib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.
Nümayəndə heyətləri Ordubad-Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılmış işlərlə də tanış olublar. Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının ümumi tikinti işlərinin 60%-i yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır.
Həmsədrlər, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana baş tutacaq səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edərək, iki ölkə arasında ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və prezidentlərin tapşırığına müvafiq olaraq mövcud layihələrin başa çatdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyini qeyd ediblər.