Azərbaycan – Vyetnam əlaqələri müxtəlif sahələrdə dinamik inkişaf edir

Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri ötən əsrin ortalarından bəri sabit və ardıcıl şəkildə inkişaf edərək bu gün güclü tərəfdaşlıq formatına keçid edib. Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu əlaqələrin tarixi təməlini, bu günkü vəziyyətini və gələcək inkişaf trayektoriyasını əhatə edən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər.

Bu münasibətlərin kökləri XX əsrin ortalarına dayanır. Hələ 1959-cu ildə Vyetnamın görkəmli lideri, Prezident Ho Şi Minin Azərbaycan SSR-ə tarixi səfəri, eləcə də 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama etdiyi səfər, xalqlarımız arasında qardaşlıq və həmrəyliyin rəmzi olaraq yadda qalıb. Məhz bu mühüm görüşlər gələcək əməkdaşlığın etibarlı bünövrəsini formalaşdırıb.

Müasir dövrdə bu münasibətlər daha da intensiv və çoxşaxəli şəkildə inkişaf edir. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya dövlət səfəri və 2015-ci ildə Prezident Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında yeni səhifə açdı. Bu səfərlər çərçivəsində keçirilən Birinci Azərbaycan–Vyetnam biznes forumu, eləcə də müxtəlif sahələri əhatə edən iqtisadi və humanitar razılaşmalar strateji tərəfdaşlığa aparan yolun əsasını qoydu.

Azərbaycan–Vyetnam əməkdaşlığı iqtisadi, ticari, siyasi, mədəni və elmi-texniki sahələrdə dinamik inkişaf edir. Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, eləcə də xarici işlər nazirlikləri xətti ilə aparılan müntəzəm siyasi məsləhətləşmələr, bu əməkdaşlığın mexanizmini təşkil edir. 2024-cü ildə əmtəə dövriyyəsinin 223,93 milyon ABŞ dollarına çatması qarşılıqlı maraqların real göstəricisidir. Əməkdaşlıq neft və enerji sahəsində də səmərəli nəticələr verir. 2019-cu ildə SOCAR və “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə bu sahədə tərəfdaşlığın müasir mərhələsinə keçidi ifadə edir. Tarixi isə daha da dərinlərə gedir: Azərbaycanın mütəxəssisləri Vyetnamda neft sənayesinin formalaşmasında əsas rol oynamış, azərbaycanlı Cəlal Məmmədov isə birgə müəssisənin ilk baş direktoru olmuşdur.

Humanitar və mədəni əlaqələr ölkələrimiz arasında körpü rolunu oynayır. Dahi bəstəkar Qara Qarayevin “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun vyetnam kino məktəbinin əsasını qoyması bu sahədəki tarixi irsin təcəssümüdür. 2024-cü ildə Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günlərinin təşkili bu mədəni tərəfdaşlığın müasir simasını göstərir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm missiya yerinə yetirir. Fondun Vyetnamda icra etdiyi sosial və humanitar layihələr, o cümlədən məktəb tikintisi və təhsil ocaqlarına dəstək, xalqlarımız arasında həmrəylik və dostluğun bariz nümunəsidir. Aprel ayında Fondun vitse-prezidenti Leyla Əliyevanın Hanoya səfəri çərçivəsində keçirilən görüşlər və təqdimatlar bu missiyanın davamlılığını təsdiqləyir.

Təhsil sahəsində əməkdaşlıq da əlamətdar məqamlarla zəngindir. Sovet dövründə Azərbaycanda təhsil almış təqribən 5 min vyetnamlı mütəxəssisin bu gün ölkələrinin inkişafında fəal rol oynaması bunun sübutudur. Hazırda Qoşulmama Hərəkatına üzv ölkələr üçün təqdim olunan təqaüdlər çərçivəsində Vyetnamlı tələbələrin Azərbaycanda təhsil almaları bu ənənəni davam etdirir.

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə gözlənilən səfərini strateji əhəmiyyətli hadisə kimi dəyərləndirib. Bu səfərin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynayacağı, siyasi, iqtisadi və mədəni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyi şübhə doğurmur. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında partiyalararası dialoqun intensivləşməsi isə bu əlaqələrin siyasi dayağını möhkəmləndirir. Azərbaycan və Vyetnam arasında münasibətlərin mühüm inkişaf perspektivlərindən biri də turizm sahəsidir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, mədəni layihələrin genişləndirilməsi, səhiyyə və ekoloji təşəbbüslərin təşviqi bu istiqamətdə qarşılıqlı maraqları əks etdirir.

Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Azərbaycan və Vyetnam bu gün münasibətlərini dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdirir. Bu münasibətlərin əsasında duran dərin tarixi yaddaş, qarşılıqlı etimad və strateji baxış, iki ölkənin gələcək tərəfdaşlıq modelinin möhkəm bünövrəsini təşkil edir.