Ölkə Prezidenti cənab İlham Əliyev fevral ayının 26-da - Xocalı faciəsinin anım günündə rayon ictimaiyyətinin nümayəndələri ilə Xocalı şəhərində görüş keçirdi. Otuz iki ildən sonra nəhayət ki, doğma torpağımıza qovuşduğumuzu qeyd edən ölkə başçısı bu ərazinin Azərbaycan üçün strateji və mənəvi əhəmiyyətini bir daha vurğuladı. 1992-ci ilin 26 fevralında faciə qurbanı olan vətəndaşlarımızın xatirəsini anmaq üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulduğunu nəzərə çatdıran dövlət başçısı kompleksin layihəsinin çoxdan hazır olduğunu, lakin tikintisinin hər il təxirə salındığını, bunun səbəbinin isə mütləq Xocalıya qayıdacağımız olduğunu bildirdi. Erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmiş vətəndaşların xatirəsini xalqımızın heç zaman unutmayacağını, “Xocalıya ədalət!” çağırışımızın cavabsız qaldığını, cəmi 18 ölkə tərəfindən tanınan soyqırıma böyük dövlətlər və beynəlxalq təşkilatların biganəliyini xüsusi olaraq qeyd etdi. Heydər Əliyev Fondunun Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdiyini və fondun xətti ilə həyata keçirilən tədbirlər, sərgi və təqdimatların, eləcə də dərc edilmiş kitab və məqalələrin bu faciənin dünyada tanıdılmasında mühüm rol oynadığını vurğuladı.
“Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır” - deyən cənab İlham Əliyev Ermənistan və onun arxasında duran ölkələrin illərlə bu soyqırımı ört-basdır etmək üçün əllərindən gələni etdiklərini, Azərbaycan hökumətinin isə bu qanlı cinayəti törədənlərin ədalət qarşısında cavab vermələri üçün əlindən gələni etdiyini, bu ədaləti ancaq özümüzün bərpa etdiyini, Azərbaycanın ədalətin və haqqın tərəfində olaraq İkinci Qarabağ müharibəsində torpaqlarımızın böyük hissəsini azad etdiyini, separatçıların işğalı altında qalan ərazilərin beş ay bundan əvvəl azad edildiyini ictimaiyyətin nəzərinə çatdırdı.
“Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” - deyən ölkə başçısı antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilərin azad edildiyini və oktyabrın 15-də Xocalıda Azərbaycan Dövlət Bayrağının qaldırıldığını bildirdi. Günahsız Xocalı qurbanlarının qisasının döyüş meydanında alındığını, onların qanının yerdə qalmadığını qeyd edən Prezident İlham Əliyev Xocalı sakinlərinin məcburi köçkün şəraitində qaldıqları zaman Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmış şəhəricikdən, çadır şəhərciklərinin sonuncusunun 2007-ci ildə ləğv edildiyindən, köçkün anlayışının artıq tamamilə silindiyindən danışdı.
Çıxış zamanı cari ildə həm Xocalıda, həm Xankəndidə, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndlərində bərpa işlərinin davam etdiriləcəyi, 2023-cü ilin sentyabr ayındakı antiterror əməliyyatından sonra ilkin olaraq Xocalıda xocalılıların evlərinin bərpa ediləcəyinin qərara alındığı diqqətə çatdırıldı.
Ermənistanın və onun havadarlarının cəzasız qalacaqlarına güvəndiklərini qeyd edən İlham Əliyev Azərbaycanın həm İkinci Qarabağ müharibəsi zamanı, həm də antiterror əməliyyatı zamanı qisasını cinayətkarlardan aldığını, ordumuzun Ermənistan ordusunu məhv etdiyini və düşmənin iki dəfə kapitulyasiyaya imza atmağa məcbur qaldığını, eləcə də hərbi əməliyyatların bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə həyata keçirildiyini, Azərbaycan dövlətinin humanist və ədalətli davranışının dünyaya nümunə olduğunu, Azərbaycan Ordusunun həm peşəkar, həm vətənpərvər, həm bacarıqlı olduğunu xüsusilə qeyd etdi. Ordumuzun qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar apardığına, Şuşa əməliyyatının təkrarsızlığına diqqətləri çəkdi.