ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanda enerji sisteminin modernləşdirilməsi, inkişafı əsas prioritetlərdən biridir

8 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı zamanı çıxış edərək bildirib ki, bu gün əlamətdar bir gündür, ölkəmizin enerji potensialını gücləndirəcək  240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu gün artıq fəaliyyətə başlayır. 2022-ci ilin yanvar ayında bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. Ölkə başçısı stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə, xüsusilə də investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə, stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin  rəhbərliyinə təşəkkürünü bildirmişdir.

İlham Əliyev çıxışında Azərbaycan energetiklərinin əməyini yüksək qiymətləndirərək bildirib ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq. Bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.

Son 20 il ərzində enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.

Keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.

Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.

Vurğulanıb ki, ölkəmizdə gözəl investisiya iqlimi vardır və ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.

Bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm.

Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.

Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.

Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.