Azərbaycanın enerji salnaməsində yeni mərhələ – “8 Noyabr” Elektrik Stansiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyi və iqtisadi inkişafı baxımından əlamətdar hadisə olmaqla yanaşı, tarixi və strateji əhəmiyyət daşıyan mühüm nailiyyətdir. Bu möhtəşəm enerji layihəsi Azərbaycanın müstəqillik yolunda qazandığı Zəfərlə səsləşir və 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin rəmzi olaraq öz adına “8 Noyabr” tarixini daşıyır. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu hadisəni ölkənin enerji sahəsində tarixi dönüş nöqtəsi kimi dəyərləndirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, bu stansiyanın inşası Azərbaycanın gücünü, potensialını, eyni zamanda energetiklərimizin peşəkarlığını nümayiş etdirir.

1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyası hazırda Azərbaycanın ən böyük elektrik stansiyasıdır. Onun yaradılması ilə enerji sisteminin səmərəliliyi əhəmiyyətli dərəcədə artır, ölkənin generasiya gücü genişlənir və Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyi daha da möhkəmlənir. Hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu məhz bu şəhərdə istehsal olunur. Bu nəticə ötən əsrin 70-ci illərindən başlayan enerji strategiyasının davamı, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Məhz Onun təşəbbüsü ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuş və 1981-ci ildə ilk blok istismara verilmişdi. Ulu Öndərin rəhbərliyi ilə formalaşan bu energetika bazası bu gün də inkişafın təməlində dayanır.

Prezident İlham Əliyev bildirib ki, son 20 il ərzində Azərbaycanda enerji sistemi demək olar ki, sıfırdan yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən enerji obyektləri təkcə paytaxtda deyil, regionlarda da inşa edilmiş, Mingəçevirdə baş verən qəza sonrası aparılan islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunmuşdur. 2020-ci ilin iyun ayında “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi və 2023-cü ildən başlayan “8 Noyabr” layihəsinin rekord müddətdə – cəmi iki ilə başa çatdırılması bu sahədə əldə olunan texnoloji və idarəetmə uğurlarının göstəricisidir. Müqayisə üçün qeyd edilməlidir ki, sovet dövründə bir stansiyanın bir blokunun inşası yeddi ilə başa çatırdısa, bu gün Azərbaycanın müstəqil siyasəti sayəsində eyni zamanda təxminən 2 min meqavatlıq enerji generasiya edən nəhəng obyekt iki ilə ərsəyə gəlmişdir. “8 Noyabr” layihəsinin həyata keçirilməsində İtaliya və Çin kimi dövlətlərin şirkətləri də yaxından iştirak etmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, hər iki ölkə ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, Çin isə xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirildiyi ölkələr sırasındadır. Bu əməkdaşlıq Azərbaycanın enerji siyasətinin yalnız milli deyil, beynəlxalq miqyasda da nə qədər effektiv və etibarlı olduğunun sübutudur.

“8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi bir neçə vacib məqsədə xidmət edir: enerji istehsal gücünü artırmaq, şərti yanacaq sərfiyyatını azaltmaq, təbii qazın ixrac potensialını yüksəltmək və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi üçün imkanlar yaratmaq. Prezident İlham Əliyev qeyd etmişdir ki, 2030-cu ilə qədər Azərbaycanda 6500 meqavat gücündə yaşıl enerji layihələri həyata keçiriləcək və bu, ölkənin ümumi enerji istehsalına nəzərəçarpacaq töhfə verəcək. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 12 ölkəyə – onlardan 10-u Avropa ölkəsidir – qaz ixrac edən ölkəmiz etibarlı tərəfdaş olaraq tanınır və Pan-Avropa qaz təchizatçısı kimi qəbul edilir. Yeni stansiyanın “8 Noyabr” adlandırılması sadəcə texniki deyil, həm də mənəvi və strateji xarakter daşıyır. Bu ad – Vətən müharibəsində qazanılan tarixi Qələbəni, xalqımızın iradəsini, əzmini və dövlətimizin gücünü əks etdirir. Prezident İlham Əliyevin bu adı şəxsən seçməsi, Zəfər tariximizə verilən dəyərin ən yüksək təzahürüdür. Çünki bu stansiya təkcə elektrik enerjisi istehsal edən obyekt deyil – o, həm də müstəqil Azərbaycanın inkişaf yolunda qoyduğu mühüm əbədi izdir.

Dövlət başçısı öz çıxışında diqqəti regiondakı gərgin geosiyasi proseslərə də yönəltdi. Ermənistanın enerji infrastrukturumuza qarşı yönəlmiş təxribatlarını, Mingəçeviri atəşə tutmaq cəhdlərini xatırladaraq vurğuladı ki, bu hərbi cinayətlər bir daha Azərbaycanın müstəqilliyini, enerji təhlükəsizliyini qorumaq istiqamətində hansı əzmə sahib olduğunu göstərdi. Bugünkü sülh və sabitlik şəraitində enerji sahəsində həyata keçirilən bu cür layihələr Azərbaycanın həm regional liderliyini, həm də beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. “8 Noyabr” Elektrik Stansiyası Zəfərin enerjisinə çevrilərək həm iqtisadi, həm də siyasi baxımdan ölkəmizin gələcək inkişaf strategiyasının təməl sütunlarından biri olacaq.