İyunun 2-də Bakı Ekspo Mərkəzində ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimi keçirildi. Bu tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power”, eləcə də 30-cu Yubiley “Baku Energy Forum”u öz işinə başladı. Azərbaycanın enerji diplomatiyası tarixində mühüm mərhələlərin rəmzinə çevrilən bu tədbirdə Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi böyük inkişaf yolunu və gələcəyə dair strateji baxışını əks etdirdi.
Cənab Prezident çıxışında vurğuladı ki, Azərbaycanın müstəqil enerji siyasətinin təməli 1994-cü ildə təşkil olunmuş ilk neft-qaz sərgisindən sonra imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Məhz bu müqavilə sayəsində ölkəmiz yalnız energetika sahəsində deyil, ümumilikdə regionun geosiyasi və geoiqtisadi mənzərəsində yeni mərhələnin əsasını qoydu. Bu strateji iradə isə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi idi. O dövrdə ölkənin iqtisadi və siyasi vəziyyəti son dərəcə ağır idi: vətəndaş qarşıdurmasından yenicə çıxmış cəmiyyət, 1000 faizi aşan inflyasiya, genişmiqyaslı yoxsulluq və Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə insanın öz doğma yurdlarından didərgin salınması. Lakin Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və enerji sektoruna beynəlxalq sərmayələrin cəlbi sahəsində qətiyyətli addımları Azərbaycanı bu çətinliklərdən çıxararaq güclü və müstəqil dövlətə çevirdi.
Bu gün Azərbaycan sabit siyasi sistemə və dayanıqlı iqtisadiyyata malik müasir ölkə kimi beynəlxalq arenada öz sözünü deyir. Neft və qaz ÜDM-in təqribən 30 faizini təşkil etsə də, dövlət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir. Xarici borcumuz ÜDM-in cəmi 7 faizini təşkil edir və maliyyə ehtiyatlarımız bu borcu 14 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 5 faizə enib, savadlılıq göstəriciləri isə 100 faizə çatıb. Bu nailiyyətlər insan kapitalına, təhsilə və sosial rifaha yönəldilmiş ardıcıl investisiyaların məntiqi nəticəsidir.
Enerji sahəsində Azərbaycan beynəlxalq əməkdaşlıq modelinin uğurlu nümunəsini təqdim edir. Ölkəmiz tərəfdaşlarla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərləri inşa edib. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan bu gün Avrasiyanın mühüm enerji və nəqliyyat qovşaqlarından birinə çevrilib. Bunun bariz nümunəsi 3500 kilometrlik Cənub Qaz Dəhlizidir ki, o, Xəzər dənizindən İtaliyanın sahilinə qədər uzanaraq Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib. Bu həcmin 2030-cu ilədək 8 milyard kubmetr artırılması planlaşdırılır. Artıq ölkəmizin qaz ixrac etdiyi ölkələrin sayı 12-yə çatıb və bu proses davam edir. Bu gün Azərbaycan qazı ilə təkcə region ölkələrini deyil, həm də Avropa dövlətlərini enerji təhlükəsizliyi ilə təmin edir. Bu isə bizim geosiyasi çəkimizi və etibarlı tərəfdaş statusumuzu daha da gücləndirir. Eyni zamanda, Azərbaycan enerji sektorunda yaşıl keçidə xüsusi önəm verir. 2030-cu ilədək ölkəmizdə 6,5 giqavat həcmində bərpaolunan enerji gücünün yaradılması nəzərdə tutulur ki, bu da ümumi enerji istehsalımızın 35 faizindən çoxunu təşkil edəcək. Bu yanaşma neft və qazla zəngin bir ölkənin eyni zamanda yaşıl enerjiyə də böyük sərmayə yatırmasını və qlobal enerji gündəminin məsuliyyətli iştirakçısı olduğunu göstərir.
Dövlət başçısı çıxışında qeyd etdi ki, bərpaolunan enerji sayəsində elektrik enerjisi tələbatı daha çox daxili mənbələrdən – xüsusilə günəş və külək enerjisindən qarşılanacaq. Nəticədə təbii qaza qənaət olunacaq və bu resurslar əlavə ixrac potensialına çevriləcək. Bu, həm iqtisadi səmərəlilik, həm də ekoloji məsuliyyət baxımından müasir dövrün çağırışlarına adekvat cavabdır. Azərbaycanın bu sahədəki uğurları beynəlxalq səviyyədə də təsdiq olunur. COP29-a ev sahibliyi etməsi, tədbirin “Bakı sıçrayışı” kimi tarixə düşməsi də bu etimadın göstəricisidir. Tədbir çərçivəsində “İtki və Zərər Fondu”nun yaradılması, inkişafda olan ölkələr üçün nəzərdə tutulan yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılması, eləcə də karbon bazarının aktivləşdirilməsi kimi mühüm qərarlar qəbul olunub. Bu isə Azərbaycanın qlobal enerji və iqlim gündəminin formalaşdırılmasında oynadığı lider rolunun sübutudur. Ölkə rəhbəri vurğuladı ki, COP29-un məqsədlərindən biri də Qlobal Şimal və Qlobal Cənub arasında körpü qurmaq idi. Bu körpü artıq mövcuddur. Azərbaycan iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən ölkələrə, xüsusilə kiçik ada dövlətlərinə yardım paketləri təklif etməklə həmrəylik nümayiş etdirir.
Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi deyil, eyni zamanda siyasi və humanitar dəyərlərə əsaslanır. Bu siyasət milli maraqlarla beynəlxalq öhdəliklərin harmoniyasına söykənir və davamlı inkişafın etibarlı zəminini yaradır.