Bu gün dünyada baş verən siyasi böhranlar və iqtisadi krizislər fonunda Azərbaycan özünün dayanıqlı inkişaf strategiyasını həyata keçirərək regional liderliyini davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar dövlətçiliyimizin daha da güclənməsinə xidmət etmiş, əldə edilən tarixi Zəfər sonrası ölkəmizin geopolitik əhəmiyyəti daha da artmışdır. Azərbaycan qlobal səviyyəli tədbirlərə ev sahibliyi edərək öz təsir dairəsini bütün regiona yaymağı bacarmışdır. Sözsüz ki, qazanılan uğurların təməlində düzgün dövlət strategiyası, güclü iqtisadiyyat və qüdrətli ordu durur.
Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı cari ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu qeyd edərək iqtisadi artımın 4,3 faiz təşkil etdiyini bildirib. O həmçinin çıxışında bu rəqəmin çox müsbət göstərici olduğunu vurğulayaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasətinin öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Ölkəmizdə iqtisadi inkişaf templərinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini qeyd edib.
Qeyri-neft sektorunun inkişafında müsbət tendensiya mövcuddur. Bu sektorda ümumi artım 7 faiz olmuşdur. Azərbaycan iqtisadiyyatı son illər ərzində neftin hasilatı sahəsində yaranan qeyri-təbii azalmanı qeyri-neft sektorunun inkişafı ilə tənzimləmişdir. Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan neft hasilatının sabitliyi təmin edilməsi üçün bu nöqsanların aradan qaldırılması tələb edilmişdir. Son aylar ərzində görülən işlər müsbət nəticələrin əldə olunmasına ümid verir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır ki, bu sahədə müsbət templərin olacağını gözlənilirP
Prezident İlham Əliyev çıxışında əsas hədəfimizin ölkə iqtisadiyyatını bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdən ibarət olduğunu bildirib. İnflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmasını müsbət göstərici kimi xarakterizə edib. Çıxışda həmçinin gələn il üçün minimum əməkhaqqı və minimum pensiyanın artırılacağı qeyd olunub. Vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasının prioritet olduğu vurğulanıb.
Daxili siyasi sabitlik, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi xarici sərmayələrin cəlb olunması üçün ideal şərait yaratmışdır. Qeyd olunanlar xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir. İnvestisiyaların adambaşına düşən həcminə görə ölkəmiz qabaqcıl ölkələr sırasındadır.
Ölkəmizdə son illər ərzində yeni sənaye parkları yaradılıb. Ənənəvi sənaye məntəqələrimizdə yeni müəssisələrin açılması ilə yanaşı eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir. Azərbaycan heç bir qurum və ya təşkilatdan yardım almır, əksinə, xarici borcu azaltmaqda davam edir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır.
Azərbaycanda gələn ilin əsas xərcləri artıq müəyyən edilib. İlk növbədə hərbi potensialın gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Sosialyönümlü və sosial infrastrukturla bağlı olan layihələr ilə birgə həm də ümumi infrastrukturla bağlı olan layihələr Dövlət İnvestisiya Proqramında öz əksini tapacaqdır
Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.