
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayının 5-də yerli televiziya kanallarına müsahibə verib. Ölkə Prezidenti müsahibəsində bildirib ki, keçən il tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi. Azərbaycanın torpaqlarının işğal altında olması, təbii ki, Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi. Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi. Ancaq erməni lobbisi və onun əhatə dairəsində olan senator və konqresmenlər belə bir ədalətsiz düzəlişi qəbul etdilər. O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, - hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, - Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik.
Vurğulanıb ki, müəyyən mərhələlərdə Amerika ilə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı.
Amerika ilə Azərbaycan arasında yaradılmış strateji işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir.
Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Bu gün çox fəal diplomatik hərəkət var. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur.
İlham Əliyev bildirib ki, keçən il Çinə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.
Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik.
Digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır.
Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. Ərazimizdən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Bu ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik. Halbuki hesab edirdik ki, yaratdığımız infrastruktur uzun illər ərzində bizə kifayət edəcək, ancaq görürük ki, yox. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə yüklərdən söhbət getmir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Bakıda enerji kabelinin tikintisi ilə bağlı müqavilə bağlamışlar. Yəni bu bağlantılar da olacaq - fiber-optik kabelin Xəzərin dibi ilə çəkilməsi və bir çox digər layihələr. Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir.
