Yanvar ayının 22-də “Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə əslən Ordubad rayonundan olan, uzun illərdir Bakı şəhərində yaşayan ziyalılar Ordubad şəhərinə səfər ediblər. Əvvəlcə ziyalılar Ordubad şəhərindəki Şəhidlər Xiyabanını və Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək tər çiçəklər düzüblər.
Səfər çərçivəsində ziyalıların Ordubad Rayon İcra Hakimiyyəti başçısı ilə görüşü keçirilib. Görüşün əvvəlində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində hər bir sahədə inkişaf gedir, nailiyyətlər əldə olunur. Əlbəttəki görülən bütün bu işlər vətəndaş məmnunluğuna hesablanır.
Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və rifah halının yüksəldilməsi məqsədilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan, bu proqramın məqsədi və prioritet istiqamətlərindən ətraflı danışıb. Qeyd edib ki, insan kapitalına, ticarətin, ixracyönlü sənayenin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, turizmin, eləcə də, əlverişli biznes mühitinin yaradılmasına, elektrik enerjisinin istehsalının və ixracının artırılmasına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına, investisiya və kapital axınının artacağına xidmət edəcək bu proiotitetlər Dövlət Proqramının əsas məqsədidir. Dövlət Proqramında muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin inkişafının nəzərdə tutulduğunu, müvafiq proqrama əsasən Ordubad rayonu üçün xüsusi layihələrin hazırlandığını bildirən İcra başçısı, Ordubadda həyata keçiriləcək rayonun gələcək inkişaf perspektivləri barədə danışıb.
Ordubad şəhərinin baş planının hazırlanmasından, qarşıdakı illərdə rayonda böyük infrastruktur layihələrin həyata keçiriləcəyindən, xüsusilə, Ordubad üçün önəmli olan konserv və ipəkçilik müəssisələrinin yenidən qurulmasından, tarixi abidələrin, qədim məhəllələrin restavrasiyası ilə turizm imkanlarının genişləndirilməsindən danışan Rəcəb Rəhimli, rayonun simasının tarixiliyin və müasirliyin vəhdətində yeni görkəm alacağını da ifadə edib. Bildirib ki, hazırda diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılışının reallaşması ilə Ordubad rayonu daha da sürətlə inkişaf edəcək. Heç şübhəsiz ki, müvafiq Dövlət Proqramı haqqında vətəndaşların məlumatlandırılması prosesində, rayonda kadr potensialının təkmilləşdirilməsində, onların formalaşdırılmasında, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində, eləcə də rayonunun hərtərəfli inkişafında uzun illər Bakı şəhərində məskunlaşan rayon ziyalılarının iştirakı zəruridir və mütləqdir. Rayon İcra Hakimiyyətinin başçısı bütün bu işlərdə, ictimai-siyasi həyatda hər bir ziyalını daha da fəal olmağa, rayonun inkişafında bilik – bacarıqları, səmərəli fəaliyyətləri ilə yaxından iştirak etməyə dəvət edib.
Görüşdə uzun illərdir Bakı şəhərində məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən ordubadlı ziyalılardan Professor, Azərbaycan Tibb Universitetinin Kafedra müdiri Çingiz Rəhimov, “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü Ramiz Babayev, Professor Müzəffər Məmmədov, Akademik, Fizika İnstitutunun şöbə müdiri Vəli Hüseynov, Professor, AMEA-da şöbə müdiri Bəhlul İbrahimli, həkim-cərrah, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov, Ali dərəcəli həkim-cərrah Telman İbadov, Ali dərəcəli həkim-terapevt İsa Cahanov, Dövlət qulluğunun baş müşaviri Mehrac Əliyev, QHT sədri, ictimai fəal Kəmalə Ağazadə, şair, filosof Rüstəm Behrudi, Dosent, “Azərbaycan tarixçiləri” İctimai Birliyinin sədri Mehri Xanbabayeva, Ələsgər Mehdiyev, Bakı ŞİH əməkdaşı Füzuli Quliyev, Kartoqrafiya və Geodeziya İnstitutunda Həmkarlar İttifaqının sədri Ləyaqət Mövsümova, həkim-dermatoveneroloq, Azərbaycan Tibb Universitetinin Dermatoveneroloq kafedrasının professoru Zülfüqar Fərəcov, iş adamı Rafiq Quliyev, Professor Aydın Mehdiyev, ictimai xadim Natiq Məmmədov, “AZENCO” ASC-də direktor müavini Ramazan Səfərov, həkim invaziv-kardioloq, Avrasiya Hospitalın həkimi Tofiq Sadıqov, həkim-terapeft Hacıağa Bağırov, hərbi ekspert Elxan Şıxəliyev, Dosent, arxeoloq Elvin Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltan, jurnalist, köşə yazarı Çingiz Əliyev, müəllim Leyla Əliməmədova iştirak ediblər.
Görüş zamanı Bakıda yaşayan, əslən ordubadlı olan ziyalılarla rayonun gələcək inkişafı ilə bağlı proqramların həyata keçirilməsi, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər ətrafında geniş müzakirələr aparılıb. Ziyalılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, ölkəmizin əldə etdiyi Zəfər, günbəgün qazanılan uğurlarla qürur duyduqlarını ifadə ediblər və ölkədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı ilə bağlı görülən işlərə, dövlətimizin yüksəlişinə öz töhfələrini verəcəklərini bildiriblər.
Sonda “Tusi” Xeyriyyə Cəmiyyətinin idarə heyyətinin sədri Yəhya Babanlı Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə ziyalıları belə yüksək səviyyədə qarşıladıqlarına, bu görüşün təşkilinə, onlarla səmimi söhbətə, Ordubad rayonunun inkişafı üçün göstərdikləri xidmətlərə görə öz minnətdarlıqlarını bildirib, fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, Yəhya Babanlı “Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri adından Rəcəb Rəhimliyə xatirə olaraq gətirdikləri hədiyyələri təqdim edib.