
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl- Ərəbiyyə” telekanalına müsahibə verib və dövlətimizin başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. İlham Əliyev müsahibəsində bildirib ki, uzun illərdir Ermənistanla müharibə vəziyyətində idik. Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal etmişdi. Orada etnik təmizləmə aparılmış, Xocalı soyqırımı baş vermiş, günahsız insanlar öldürülmüşdür. Nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.
Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.
Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq.
Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.
Ölkə Prezidenti vurğulayıb ki, ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir.
Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik.
Müsahibə zamanı qeyd olunub ki, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir.
İkincisi, Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. Şəhər və kəndlərimiz yerlə-yeksan olunmuşdur. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar – hamısı tamamilə dağıdılmışdır. Buna görə də bərpanın ilk illərində vəsaitimizin böyük hissəsini məhz infrastrukturun qurulmasına sərf etdik. Paralel olaraq kəndlərin və şəhərlərin tikintisinə də başladıq. Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq.
İlham Əliyev tarixə nəzər salaraq bildirib ki, Azərbaycanın iki yerə bölünməsi Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı. Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar.
Bu gün Naxçıvana getmək üçün ya təyyarə ilə uçmalıyıq, ya da avtobus və ya avtomobillə İran ərazisindən keçməliyik. Yaxud daha uzun marşrutla – Gürcüstan və Türkiyə ərazilərindən keçərək Naxçıvana daxil olmalıyıq. Bu, çox narahatlıq və problemlər yaradır. Buna görə də Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir.
Qeyd olunub ki, İran Prezidenti Azərbaycana iki dəfə səfər edib. Birincisi, rəsmi səfər idi, ikincisi isə Xankəndi şəhərində, azad edilmiş Qarabağda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə qatıldı. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq. O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.
Bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur.
Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir.
Ölkə Prezidenti Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyasının ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurduğuna da toxunaraq bildirib ki, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Müsahibədə vurğulanıb ki, Prezident Əsədin hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi. Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur.
Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb.
Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq.
Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib. Bilirsiniz ki, İsrail Prezidenti İsxak Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq. Çünki ən mühüm olanı təhlükəsizlikdir. Biz təhlükəsizliyin dəyərini çox yaxşı bilirik. 30 ildən çox müddətdə müharibə şəraitində, müharibənin müxtəlif formalarında yaşamışıq.
Dövlətimizin başçısı enerji məsələsinə də toxunaraq bildirib ki,bizim təbii qaz üçün əsas istiqamətimiz Avropadır. Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır. Düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir.
Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığa gəlincə, əlaqələr çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür. Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən, bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar.
İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub.
Biz əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini biz Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, bizim xarici siyasət gündəliyimizin böyük bir hissəsidir. Deyərdim ki, Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.
İlham Əliyev bildirib ki, İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb. Bu, bizim təcrübəmizə əsaslanır, təkcə şüarlara, bəyanatlara əsaslanmır. Çünki çoxlu bəyanatlar verilə bilər, lakin siz məsələnin məğzinə, Azərbaycanda bu məsələlərin necə həll olunduğuna baxmalısınız. Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər.
Mənim müsəlman dövlətlərinin aparıcı dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər onu göstərir ki, İslam dünyasında istər siyasi olsun, istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir. Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq mövcuddur. İnsanların məhz buna ehtiyacı var. İnsanların sülh içərisində, xoşbəxt yaşamağa, öz övladlarını böyütməyə və işləməyə, başlarına bomba düşəcək, yaxud kimsə yaşadığı yerə bomba qoyacaq deyə qorxularının olmamasına ehtiyacları var.
Biz hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslar keçiririk. Biz həmin konfranslarda bütün mühüm məsələləri, - təkcə müsəlmanlar üçün deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, - müzakirə edirik. Bu baxımdan bizim rolumuz əsasən burada gördüyümüz işlərə və bunu başqa yerlərdə də necə edə bilərik düşüncəsinə əsaslanır. Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, - mənim prezidentlər arasında bir çox əlaqələrim var, - hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və təriqətlərə bölünmə bizim birliyimiz üçün təhlükədir.
Ölkə Prezidenti qeyd edib ki, erməni həmkarımla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük. O, həqiqətən buna layiqdir. Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır. Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub. Hətta onun ilk prezidentlik dövründə belə, - ancaq o vaxt görüşmək imkanımız olmayıb, xüsusilə də o, “dərin dövlət”in nümayəndələri tərəfindən seçki saxtakarlığı ilə seçilməkdən məhrum edilib, - onun qələbəsini əlindən aldılar. Onun poçtla göndərilən səs bülletenləri ilə bağlı fikirləri tamamilə düzgündür. Çünki Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır. Lakin onlar özləri Prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər. Bəlkə də eyni səviyyədə deyildi, amma eyni şəkildə idi, şayiələr yayırdılar. Əminəm ki, o, nəinki Amerikanı yenidən qüdrətli edəcək bir insandır, o, Amerikanın rifah, azadlıq və inkişafın rəmzi olduğu bütün dövrlərdəki kimi, ölkəni yenidən insanların heyran olduğu yerə çevirəcək.
Altı ay ərzində bu qədər məkana sülh gətirməyi bacarırsa, əminəm ki, bunu edəcək. Amma sistemin ona qarşı güclü müqaviməti var. Həm də vurğulamaq istədiyim bir şey də var ki, xüsusilə də mənə təsir edən sui-qəsd cəhdi zamanı onun özünü necə aparması idi. Bunu oynamaq mümkün deyil. Heç bir nitq yazan, heç bir siyasi məsləhətçi bunu edə bilməz ki, adam belə reaksiya versin. O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır.
İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir. Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir.
Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika. Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.




