Ölkəmiz geniş strateji vizyona malik olmaqla bərabər qlobal və regional problemlərə qarşı müştərək müdafiə immunitetinin formalaşdırılmasında həlledici rol oynayır. Fundamental məsələlərin həllində konsensusa nail olmaq, eləcə də regionun həssas bucaqlarına təsir etmək bacarığı mürəkkəb münasibətlər labirintində ölkə diplomatiyasının əldə etdiyi ən mühüm uğurlardan biridir. Beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsi ölkəmizin geopolitik nüfuzunun birbaşa göstəricisi hesab oluna bilər.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik etməsi Azərbaycanın dünya miqyasında mühüm siyasi çəkiyə sahib olduğuna dəlalət edir. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardan hesab olunur. Bu konfranslar bəşəriyyətə ciddi təhlükə yarada biləcək iqlim dəyişkənliyi ilə mübarizədə 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq məqsədilə hüquqi cəhətdən məcburi öhdəliklər yaradan Kioto Protokolunu müzakirəsində Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi keçirilir.
İlk olaraq 1955-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının tədbiri, son olaraq keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. Məhz COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında COP29-un Bakı şəhərində keçirilməsi qərara alınıb. Dünyamiqyaslı möhtəşəm tədbirin iki həftə ərzində Azərbaycanda keçirilməsi nəticəsində 70 min civarında qonağın ölkəmizə səfəri gözlənilir. Sözsüz ki, bu tədbir Azərbaycanda turizm sektorunun canlanmasına, bu sahədə olan keyfiyyətin daha da artmasına gətirib çıxaracaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin COP29 tədbirlərinə sözdə deyil, praktiki fəaliyyət strategiyasında üstünlük verdiyini göstərir.“Yaşıl Enerji” siyasətini daha da gücləndirən ölkəmiz bərpaolunan enerjinin əldə edilməsi sahəsində böyük irəliləyişlər qət edib. Təsadüfi deyil ki, dövlətimiz bərpaolunan enerjinin ümumi enerji istehsalında payını 2030-cu ilədək 30 faizə çatdırmağı prioritet hədəf kimi qarşısına qoyub. Azərbaycan geotermal və günəş enerjisi ehtiyatlarına görə dünyada ön sıralarda yer tutur. Bu ehtiyatlardan səmərəli istifadə edilməsi nəticəsində nəhəng enerji ixracatçısına çevrilmək mümkündür.
Dünyanın bır sıra tanınmış media subyektləri Azərbaycanın ev sahibliyi edəcəyi dünyamiqyaslı tədbirin əhəmiyyətini bir daha vurğulayaraq ölkəmizin bu sahədə bütün cari və strateji hədəflərə nail olacağından əmin olduqlarını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin praqmatik və uzaqgörən siyasi zəkaya sahib olması mötəbər tədbirlərin ölkəmizdə keçirilməsini şərtləndirən əsas amillərdəndir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilməsi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirir. Bu istiqamətdə qarşıya qoyulan hədəflər iqtisadi tərəqqi yolunda ən vacib elementləri özündə ehtiva edərək dövlətimizin daha da çiçəklənməsinə şərait yaradacaqdır.