Dəstə kəndində yay mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tədbir keçirilib

13 may 2025-ci il tarixdə Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə “Yay mövsümü dövründə taxıl, əkin və otlaq sahələrində, eləcə də meşələrdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə görüləcək zəruri  tədbirlər, yanğın təhlükəsizliyinin təmin olunmasında özünüidarəetmə orqanlarının və vətəndaşların üzərinə düşən vəzifələr” mövzusunda maarifləndirici seminar-müşavirə keçirilib.

Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Seminar-müşavirədə müvafiq müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə və icra nümayəndəliklərinin əməkdaşları, kənd sakinləri, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak ediblər.

Ordubad Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdir müavini Zamiq Babayev, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Şöbəsinin rəisi Mirtaleh Seyidov və baş inspektor Turan Şahhüseynov mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən profilaktik tədbirlər, mövcud qanunvericiliyin tələbləri, kənd təsərrüfatı sahələrində, meşəlik və otlaq ərazilərdə təhlükəsizlik qaydaları və inzibati məsuliyyət məsələləri barədə ətraflı məlumat verilib. Həmçinin yanğın hadisələrinin başvermə səbəbləri, onların qarşısının alınmasında əhalinin rolu və aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici slayd və videoçarx nümayiş etdirilib