
Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Həsənov Fariz Sabir oğlunun xatirəsi Dırnıs kəndində dərin ehtiramla anılıb. Şəhidin əziz xatirəsinə həsr olunmuş tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbirdə çıxış edənlər Fariz Həsənovun həyat və döyüş yolundan bəhs edərək onun Vətənə olan sonsuz sevgisini, fədakarlığını və qəhrəmanlığını xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin hər biri xalqımızın qürur mənbəyidir. Onların keçdiyi şərəfli yol bugünkü gənclər üçün əsl vətənpərvərlik nümunəsidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Tədbirin sonunda şəhidin ruhuna dualar oxunub, məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.









