Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının, həmçinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədilə Dırnıs kənd tam orta məktəbində dəyirmi masa keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin kolektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yeri var. Respublikamızda istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
Fərqanə Hüseynli ulu öndər Heydər Əliyevin gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edən gənclər siyasətindən bəhs edərək, bildirib ki, heç də təsadüfi deyil ki, ümummilli lider hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən tədbirlər, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi dahi şəxsiyyət tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır.
Sonra Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, Dırnıs kənd tam orta məktəbin tarix müəllimi İftixar Babanlı çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövrlərində bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib və bu sahənin inkişafına zəmin yaradıb. Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir.
Tədbirdə Dırnıs kənd tam orta məktəbin şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunan əbədi-bədii kompozisiya nümayiş olunub.
Sonda Dırnıs kənd tam orta məktəbin direktoru Taleh Qasımov çıxış edərək belə tədbirlərin orta məktəblərdə keçirilməsinin əhəmiyyətindən, şagirdlərin vətənpərvər, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasındakı rolundan danışıb.