6 dekabr 2024-cü il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Dırnıs kəndində səyyar qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq keçirilən görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar və rayon ərazisində yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri haqqında məlumat verib. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin dövlətimizin həm hərbi, həm də siyasi müstəvidə mövqeyini gücləndirdiyini və dünya ictimaiyyətində ölkəmizə olan etimadı artırdığını qeyd edən rayon İcra Hakimiyyətinin başçısı, noyabr ayında ölkəmizdə keçirilən COP29 Konfransının Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Çıxışda 2024-cü ilin həm də ölkəmizdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması xüsusi qeyd olunaraq Ordubad rayonunda da bu sahədə görülən işlər barədə məlumat verilib. Həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq Vənənd kəndində bələdiyyə parkının salınması istiqamətində işlərin getdiyi, eləcə də rayonun digər kəndlərində də bu sahədə müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilib.
Qəbulda həmçinin Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun vətəndaş-dövlət münasibətlərinin daha da sıx şəkildə qurulmasına və müasir idarəçilik mexanizmlərin tətbiq olunmasına verdiyi töhfə dinləyicilərin nəzərinə çatdırılıb. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında məlumat verən İcra başçısı, dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının həyata keçirilməsi üçün müvafiq addımların atıldığını, 2025-ci ildən etibarən isə görüləcək işlərin daha da sürətlənəcəyini bildirib. Çıxış zamanı rayonun yeraltı sərvətlərinin istifadəsi, xüsusən də mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı, yaxın perspektivdə xalçaçılıq-ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların məşğulluq, sosial-müdafiə, torpaq və sair problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kəndə səfəri çərçivəsində ərazidə olan kənd ağsaqqalları ilə də görüşüb, onların problemlərini, eləcə də fikir və təkliflərini dinləyib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.