Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır

      Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti zəngin epoxial bir dövr kimi Azərbaycan tarixinə yazılacaq, ard-arda əldə edilən zəfərlərin memarı kimi yaddaşda qalacaqdır. Dövlət başçısının sonuncu dəfə cari ilin 18 mart tarixində Xankəndi şəhərində zəfər tonqalını qalayaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi tariximizə həkk olunan qalibiyyətlərin bir parçası sayıla bilər.

        Məqsədyönlü siyasət nəticəsində erməniləşdirilmiş qədim türk torpağında yüzillərdən sonra türk adət-ənənəsinin yenidən bərqarar edilməsi İlham Əliyev kimi strateqin əldə edə biləcəyi bir nailiyyət ola bilərdi ki, hər zaman sözünün imza dəyərində olduğunu qeyd edən dahi sərkərdə bunu müvəffəqiyyətlə həyata keçirməyi bacardı. Artıq qədim Qarabağ torpağında dördüncü dəfədir ki, bayram tonqalı ardıcıl olaraq qalanır.  2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı alovlandırıldı.

Təbrikində ölkə başçısı qeyd etdi ki, lokal antiterror əməliyyatı nəticəsində suverenliyimizi və ərazi bütövlüyü tamamilə təmin etmişik. Xalqımız İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Bu ərazilərdə geniş quruculuq işləri aparılır, keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdır və bu il də bu proses davam edəcəkdir.

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmayaraq, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Xarici mənfur dairələr işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bu münaqişənin hərbi həllinin olmadığına dair siqnallar göndərirdilər.  Biz isə sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.

Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı və dövləti iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmlənib, beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul edib və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaradıb. Dövlətin əsasını təşkil edən iqtisadi gücə və inkişafa nail olmaqla qələbəmizin təminatını daha da yaxınlaşdırdıq.  Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

         Azərbaycanda son 20 il ərzində vətənpərvərlik və milli ruhda gənclər yetişdirildi ki, bu gənclik də özünü üç il bundan əvvəl torpaqlarımızı azad edilməsində rəşadətlə göstərdi. Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu gün  işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır.  Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlərin qayıdışı yenidən həyata keçiriləcəkdir ki, bu iş davamlı sürətdə və uğurla aparılmaqdadır. Xankəndi şəhəri sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. İşğal dövründə Şuşada fəaliyyət göstərən separatçıların qondarma ikinci parlament binasının yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri rəmzi olaraq seçilmiş  26 fevral tarixində başlandı.

Bu gün biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır deyən ölkə Prezidenti bütün dairələrə  Azərbaycansız regionun inkişafının qeyri-mümkün olduğunu, bizim iştirakımız və  icazəmiz olmadan heç bir fəaliyyətin həyata keçirilə bilməyəcəyini də bir daha xatırlatmış oldu.